Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi” müzakirə olunub. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, sərhədlərin açılmasının iqtisadi aktivliyə, əmtəə və xidmətlərin idxal və ixracına təsirləri ilə bağlı qiymətləndirmə yoxdur. “Məsələnin əhəmiyyətini nəzərə alaraq növbəti təhlillərdə bu təsirlər araşdırılacaq”, sədr qeyd edib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sözlərinə görə isə ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.
Müzakirələrə Demokrat.az-a açıqlamasında münasibət bildirən turizm eksperti Əziz Şiriyev deyib ki, ölkəyə giriş-çıxış üçün bütün yolların açıq olmasının iqtisadiyyata müsbət təsiri var:

Quru sərhədlərin açıq olması minimal büdcəsi olan insanların gediş-gəlişinə şərait yaradır. İmkanı olan onsuz da təyyarə ilə səfər edir. Dəniz nəqliyyatını da inkişaf etdirməliyik. Bu gün Rusiya, Qazaxıstan və İrana gəmi səfərləri artırılmalıdır. İnanıram ki, gələcəkdə Aktau, Həştərxan, Ənzəli şəhərlərinə gəmi turları – mini kruizlər təşkil edə biləcəyik”.
Törə Zeynallı Demokrat.az


