Sosial Özəl

55 milyon qurban, 157 milyard dollar gəlir: “Ömürlük cəza verilməlidir”

55 milyon qurban, 157 milyard dollar gəlir: “Ömürlük cəza verilməlidir”

Xəbər verdiyimiz kimi, oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevlə AŞ-nin baş katibi Mariya Peyçinoviç Buriç arasında keçirilən görüşdə Azərbaycan tərəfi Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı Konvensiyasını imzalayıb.

Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi dəyərləndirib və uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını bildirib.

Azərbaycanın İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulmasını müsbət dəyərləndirən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, 2005-ci ildə Respublika Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi təsis ediləndən bu günə qədər bu sahədə kifayət qədər ciddi addımlar atılıb.

Onun sözlərinə görə, insan alveri cinayətləri mütəşəkkil cinayətkarlığın, eyni zamanda transmilli cinayətkarlığın xüsusilə ağır növlərindən biridir:

“Orqan alverinə qarşı artıq 2019-2024-cü illəri əhatə edən IV Milli Fəaliyyət Planı qəbul edilib. Nazirlər Kabinetinin tərkibinə daxil olan hər bir dövlət qurumuna müəyyən öhdəlik və tapşırıqlar verilib. 2022-ci il ərzində insan alveri cinayəti ilə bağlı ölkədə 157 fakt aşkar edilib.

Təəssüf doğuran məqam odur ki, 95 qurban arasında 94-ü qadınlar olub. İşə düzəltməklə bağlı onlara müəyyən vədlər verilir, ailə qurmaq, təhsil adı ilə aldadılırlar. Qeyri-hökumət təşkilatları bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir ki, bu da öz müsbət təsirini göstərməkdədir”.

55 milyon qurban, 157 milyard dollar gəlir: “Ömürlük cəza verilməlidir”

Ekspert bildirib ki, Respublika Daxili İşlər Nazirliyinin bu sahədə apardığı mübarizə Avropa ölkələrinin mübarizə üsuluna bənzəmir:

“Ölkə ictimaiyyəti də bununla bağlı müvafiq orqanlarla sıx əməkdaşlıq edir, dəstək olur. 2005-ci ildən bu günə qədər minlərlə cinayət faktı aşkar olunsa da mübarizə səngimir. Düşünürəm ki, insan orqanı alverinə qarşı mübarizənin səmərəsini daha çox görmək üçün Cinayət Məcəlləsinin 144 – 1 maddəsində cəzaların sərtləşdirilməsinə ehtiyac var. İnsan alveri cinayətləri mürəkkəb tərkibli formaya daxildir, burada zərərçəkmişlərin razılığı olsa belə təqsirləndirilən tərəfin cəzası yüngülləşdirilməməlidir.

Razılığın olub-olmamasının fərqi yoxdur. İnsan alveri cinayətlərinin digərlərindən fərqi ondadır ki, burada cinayətkarların qurbanların ələ keçirilməsi, saxlanılması, daşınması və ötürülməsində əsas niyyətləri onların istismar edilməsidir. Bu artıq cinayətin ağırlığını və qəsdlə törədildiyini önə çəkir. Cinayətkar törətdiyi əməlin fərqindədir, bilir ki, bundan külli-miqdarda gəlir əldə edəcək. 15 il cəza, yüngülləşdirildiyi halda maksimum 8 il cəza verilməsi ilə cinayətkar azadlığa çıxandan sonra da niyyətindən əl çəkmir, eyni cinayəti təkrarlamaq potensialında ola bilər. Ona görə də bu cinayətlərin cəzası sərtləşdirilməlidir, ömürlük cəza verilməsinin tərəfdarıyam.

İnsan alveri 21-ci əsrdə köləliyin müasir formasıdır. BMT-nin statistikasına görə il ərzində dünyada 55 milyon nəfər insan alverinin qurbanı olur. Bundan əldə edilən gəlirin illik dövriyyəsi də 157 milyard dollardır. Demək olar ki, narkotik vasitələrin qanunsuz dövriyyəsindən, qanunsuz silah alverindən də bir qədər çoxdur”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az