İş və xidmət yerlərində, həmçinin təhsil müəssisələrində seksual qısnama hallarının qarşısının alınması məqsədilə monitorinq sisteminin yaradılması təklif edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə dair hesabatında qeyd olunub.
Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu funksiyanı həyata keçirə bilər.
Seksual qısnama faktının dərəcəsindən asılı olaraq daha dərin təhqiqatın aparılması Dövlət Əmək Müfəttişliyinin təqdimatı ilə prokurorluq orqanları tərəfindən həyata keçirilə və nəticələrə uyğun olaraq inzibati və cinayət məsuliyyəti müəyyən edilərək məhkəməyə verilə bilər.
Təklifə münasibət bildirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Demokrat.az-a açıqlamasında deyib ki, təhsil müəssisələrində bullinqlə bağlı işin aparılması çox önəmlidir:
“Bu gün uşaqların ən çox ünsiyyət qurduqları yer təhsil müəssisələridir. Müxtəlif ailələrdən, həssas qruplardan gələn uşaqlar var. Belə bir monitorinq sisteminin qurulması müsbət nəticələr verə bilər. Ən azından ilkin addım kimi bir xəritə formalaşar və vəziyyətin necə olduğuna dair əlimizdə göstəricilər olar. Buna əsasən sosial qısnamaların qarşısının alınması üçün daha çox hansı istiqamətdə iş aparılmalı olduğunu müəyyən edə bilərik.
Seksual qısnamalara daha çox iş yerlərində rast gəlinsə də bəzən təhsil müəssisələrində də belə hallar baş verir. Bu yaxınlarda məktəblərin birində yeniyetmə oğlan qıza öz istəyini bildirdiyində, o da bundan imtina etdikdə qızın şəklini başqa bir qızın çılpaq fotoları ilə montaj edib, bütün məktəbə yaymışdı. Həmin qız ciddi problemlərlə üzləşmişdi. Bu kimi halların qarşısının alınması üçün vacib addımların atılmasına ehtiyac var”.
Törə Zeynallı Demokrat.az


