“İlk dəfədir ki, Avropada Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransda iştirak edirəm. Qərbi Azərbaycandan olan bütün soydaşlarımızı birləşdirmək, birlik və güclü olmaq üçün belə konfranslar vacibdir. Bu konfranslarda bir-birimizi görə və fikir mübadiləsi apara bilərik”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hazırda Almaniyada yaşayan İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani bildirib.
Əmir Əli Sərdari İrəvani ATXƏM-in Qərbi Azərbaycana qayıdışla bağlı Haaqada təşkil etdiyi beynəlxalq konfransın əhəmiyyətindən də danışıb:
“Biz birlikdə eyni istiqamətdə irəliləməyə və hər bir məqsədimizə nail olmaq üçün gücə malik olarıq. Əminəm ki, tezliklə doğma yurdumuza-əcdadlarımızın torpaqlarına qayıda biləcəyik”.
Əmir Əli Sərdari İrəvani qeyd edib ki, hətta Ermənistandan bəzi elmi tədqiqatçılar onu İrəvana dəvət ediblər, ancaq o, bu dəvətlərə müsbət cavab verməyib:
“Çünki İrəvana sadəcə şəhəri görməyə getmək istəmirik. Tezliklə heç bir təcavüzə yol vermədən, Qərbi Azərbaycandan olan soydaşlarımızın birliyi ilə sülh yolu ilə əcdadlarımızın torpaqlarına –İrəvana qayıdacağıq”.
Əmir Əli Sərdari İrəvani sözügedən beynəlxalq konfransda çıxışında əcdadların tarixinin xalqın mədəni kimliyinin əsasını təşkil etdiyini, insanlar arasında kimlik və mənsubluq hissini gücləndirdiyini vurğulayıb:
“İşğalçılar tarixi təhrif etməyə çalışanda, dədə-baba tarixinə müraciət etmək müqavimət formasıdır. Bu, tarixi həqiqətlərin qorunub saxlanmasına və dezinformasiyaları düzəltməyə kömək edir. Doğma yurda qayıdış üçün vahid siyasət aparmaq vacibdir. Vahid siyasətin hər kəs üçün aydın istiqamət və məqsədi təmin edilir”.
Əmir Əli Sərdari İrəvani Azərbaycan xalqını İrəvana-əcdadlarımızın torpaqlarına qayıdış üçün birliyə çağırıb:
“Keçmişdə Qərbi Azərbaycanda müxtəlif etnik qrupların tərkibi müxtəlif hadisələr və siyasətlərlə formalaşıb. Bu regionun mürəkkəb demoqrafik dəyişikliklər tarixi var. Demoqrafik tərkibin formalaşmasında xanlar və onların siyasəti böyük rol oynayıb. Hətta erməni mənbələrinə əsaslanan siyahıya baxsaq görərik ki, İrəvan xanlarının hamısı Azərbaycan, müsəlman əsilli idi. Qərbi Azərbaycan xanları həmişə əksər etnik qruplardan, yəni azərbaycanlılardan olub. Bütün bu hallarda və 19-cu əsrdə Çar Rusiyasının təqdim etdiyi rəsmi statistik məlumatlara əsasən sübut olunur ki, yerli əhalinin əksəriyyəti Azərbaycan mənşəlidir”.
Elmar Heydərli Demokrat.az


