Yanacaq doldurma məntəqələrinin yaşayış yerlərinə yaxın salınması Bakı və ətrafı üçün xarakterik problemdir. Lakin məsələ bununla bitmir. Digər ciddi problem yanacaq doldurma məntəqələrinə yanacaq və qaz daşıyan yük avtomobillərinin hərəkəti üçün alternativ yolların olmamasıdır. Onların əsas yollarla hərəkət etməsi real təhlükə mənbəyidir.
Tikinti sahəsi üzrə ekspert, memar Muxtar Ərturan Demokrat.az-a açıqlamasında deyib ki, Bakı və Sumqayıt şəhərlərində, Saray qəsəbəsində, Bakı – Quba yolunun sağ istiqamətində bir çox yanacaq doldurma məntəqələrinin 15-20 metrliyində yaşayış var:
“Bu, çox ciddi problemdir. Adi qaz sızması baş verərsə, böyük fəlakətə yol aça bilər. Bu məsələdə bina, həyət evi tikənlər yerli orqanları günahlandırır, onlar da məsuliyyəti digər qurumların üzərinə atır. Yanacaq doldurma məntəqləri yaşayış yerlərinə yaxın olsa da onlara bu və ya digər formada texniki nəzarət həyata keçirilir. Lakin körpülərin altından keçən və tonlarla həcmdə yanacaq, qaz daşıyan TIR-ların hərəkətinə nəzarət yoxdur”.
Ekspertin sözlərinə görə,dünya standartlarına əsasən yanacaq daşıyan konteynerlər heç bir halda körpülərin altından keçməməlidir:
“Etan, metan və propan qazları, həmçinin dizel, benzin daşıyan böyük yük avtomobilləri körpülərin altından keçmirlər. Onlar üçün alternativ yollar təyin olunur və şəhər kənarı ilə hərəkət edirlər. Əfsuslar olsun ki, Azərbaycanda bu standartlara əməl olunmur. Nümunə üçün qeyd edim ki, Tbilisi prospektində, 20 Yanvar – Dərnəgül istiqamətində, Heydər Əliyev prospektində salınan körpülərin altından qaz və yanacaq daşıyan böyük konteynerlər keçir. Çox vaxt tıxacda da qalırlar. Heç kim düşünmür ki, kiçik bir sızma olarsa və ya avtomobil yük maşınına dəyib, qəza edərsə, baş verən partlayış səbəbilə hansı miqyasda faciə yaşana bilər, demək olar ki, 90 faiz insanın ölümü ilə nəticələnə bilər. Körpünün üzərindəki avtomobillərdən insanların çıxması və hərəkət etməsi mümkün deyil. Körpülərin altında sadəcə yanğın çıxışları var, amma insan sayına uyğun deyil. Sabah bir hadisə baş versə, aidiyyəti qurumlar yenə günahkar axtarmağa başlayacaq. “Filan maşın niyə həmin yerdən keçib” – halbuki o maşın oradan illərdir keçir.
Nəyə görə Azərbaycanda qaz və yanacaq daşıyan TIR-lar üçün alternativ yollar yoxdur? Bəzən körpülərin altında arxa-arxaya 3 böyük TIR dayanır, ətrafında yüzlərlə maşın və sonu görünməyən tıxac. Bədbəxt hadisə baş verərsə, fəsadlarını təsəvvür etmək belə çətindir”.
Törə Zeynallı Demokrat.az


