Gəncə şəhərində 1979-cu il təvəllüdlü Sərdar ailə münaqişəsi zəmində həyat yoldaşı Nigara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri, Natəvan 2 qəsəbəsində baş verib.
Sərdar yaşadığı fərdi yaşayış evində nikahdan kənar ər-arvad münasibətində olduğu Nigarla mübahisə edib.
Mübahisə zamanı əl zərbələri ilə Nigarın baş, sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nigar onun arvadıdır, həmin münasibətdən 3 övladları var, hazırda birlikdə yaşayırlar: “Nigarla normal münasibətlərimiz olub. Hadisə baş verən günü, axşam saat 21 radələrində evə gəldikdən sonra Nigara nə üçün özbaşına azyaşlı övladının anası evinə getməyə icazə verdiyini, uşağın bu formada tərbiyəsinin pozulmasına şərait yaratmasına görə iradımı bildirdim. Nigar isə sözlərimə məhəl qoymadığı üçün əsəbləşdim. Nigarın üzərinə gedərək əl zərbələri ilə onun baş, sifət nahiyələrinə bir neçə dəfə vurdum”.
Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


