TÜRKSOY-un baş katibinin köməkçisi Sayit Yusuf III “Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı bildirib ki, türklər öz aralarında başqa dildə anlaşmamalıdırlar.
Demokrat.az xəbər verir ki, o bu problemin kino sayəsində aradan qaldırıla biləcəyini deyib:
"Türkdilli xalqlar arasında ünsiyyətdə anlaşılmazlığın həlli kino sahəsindən keçir".
TÜRKSOY nümayəndəsi film sahəsindəki əməkdaşlığın daha da genişləndirilməli olduğuna, bunun türk mədəniyyətinin dünyaya tanıdılmasında roluna diqqət çəkib.
Tanınmış yazıçı və tərcüməçi Nəriman Əbdülrəhmanlı söylənilən fikirlərə münasibətini Demokrat.az ilə bölüşüb:
“Kinonun türk xalqlarının nümayəndələri arasında dildən irəli gələn anlaşılmazlıqları aradan qaldırması üçün filmlərin ortaq türkçədə çəkilməsi lazımdır. Düşünürəm ki, bu, qısa zaman kəsiyində gerçəkləşən proses deyil, uzun zamana ehtiyac olacaq. İlk öncə ortaq türkçə yaradılmalıdır, dilin sərhədləri müəyyənləşdirilməlidir. Kitablar nəşr olunmalı, türkdilli xalqların müyəndələri ortaq türkçədə ədəbiyyat yaratmalı, yaradıcılıq nümunələri ərsəyə gətirməlidirlər.
Ekranda söz olmaya da bilər. Yalnız kadrların vasitəsilə də ideya, fikir çatdırıla bilər. Çəkiləcək filmlər qarşıya qoyulan tələblərə cavab verib-verməyəcək – bu da məsələnin digər tərəfidir. Bu ideyanın reallaşması üçün konsepsiya olmalıdır. Vaxt və səbir tələb edən işdir”.
Qeyd edək ki, oktyabrın 8-dən 11-dək Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.
Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan, həmçinin Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər oktyabrın 9-dan 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.
Törə Zeynallı Demokrat.az


