"Azərbaycanda qadın hüquqları ilə bağlı 200-ə yaxın qeyri-hökumət təşkilatı mövcuddur, amma bu təşkilatlar o qədər fəal deyil və olanların da fəaliyyətləri o dərəcədə də keyfiyyətli deyil".
Demokrat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova “BMT-nin Uşaq Hüquqları Komitəsinin və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, qadın hüquqları sahəsində fəaliyyət göstərən bəzi təşkilatlar BMT-nin qadın və uşaq hüquqları ilə bağlı sənədlərindən, dövlət qanunlarından xəbərlərsizdir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyini sədri Mehriban Zeynalovanın fikrincə, ilk növbədə QHT-lər özləri aktiv fəaliyyətdə maraqlı olmalıdırlar:
“Bununla belə QHT-lərin dayanıqlığı üçün dəstək vacibdir. Elə təşkilatlar var ki, maarifləndirmə işləri ilə məşğuldurlar. Belə təşkilatların böyük ehtimal maliyyə gözləntiləri var. Bəzi hallarda dövlət qurumlarının binalarında onlara hansısa mövzularda müzakirələr aparmaq, tədbirlər keçirmək üçün şərait yaradılır. Digər bir məsələ isə bölgələrdə təlimlərin keçirilməsidir. Bu, yol xərcləri və digər imkanlar tələb edir. Hansısa QHT-lər milli fəaliyyət planına uyğun olaraq dövlət qurumu ilə bərabər bölgələrdə müəyyən işləri həyata keçirə bilirlər. Lakin, bu, hər dəfə baş vermir. Bunun üçün davamlı maliyyə resursları lazımdır”.
M.Zeynalova qeyd edib ki, müəyyən xidmətlər göstərən təşkilatlar da var ki, çətinliklə də olsa, dayanıqlığı təmin edə bilirlər:
“Bizim təşkilata daim müraciətlər var. Buna görə də istər-istəməz insanların dəstəyilə, qısamüddətli hansısa layihələrlə dayanıqlığı təmin edə bilirik. Yenə də çətinliklər qalmaqdadır. Mütəxəssislərin əməkhaqqısı və digər məsələlər var.
Bəzi hallarda yerlərdə QHT-lərin fəaliyyəti üçün icazə problemləri yaşanır. Maarifləndirmə işi eyni qurumlarla, eyni şəxslərlə aparılır ki, bu da effektsizdir. Yaxşı olar ki, QHT-lər haqqında qanunda dəyişiliklər edilməklə onların fəaliyyətinə təkan verilsin. Layihələrin koordinasiyası lazımdır. Bir rayona çox adam gedir, elə kəndlər də var ki, ümumiyyətlə oraya gedən yoxdur. Burada QHT-nin özünün hansı formatlardan istifadə etməsi də mühümdür”.
Müsahibizim qadın hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin passiv olması fikri ilə tam razılaşmır:
“Erkən nikah mövzusunda maarifləndirmə apara bilməyən QHT-lər, davamlı şəkildə bunun ictimai vəkilliyini edə, tədqiqatla məşğul ola, müzakirələr apara bilərlər. Ən azından sosial şəbəkələrdə bu mövzunu aktual saxlamaq olar. Hər bir halda QHT-lərə müəyyən şəkildə dəstək göstərilməlidir. Rəqəmsal fəaliyyət həyata keçirmək istəyən təşkilata dizayn üçün, kiçik animasiyalar ərsəyə gətirmək üçün maliyyə lazımdır. Əksər insanları artıq könüllü fəaliyyət cəlb etmir, hər kəs öz əməyinin qiymətləndirilməsini istəyir. QHT-lərə də davamlı keyfiyyətli fəaliyyət göstərmək üçün imkanlar yaradılmalıdır. Düşünürəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu missiyaya töhfə verə bilər”.
Törə Zeynallı Demokrat.az


