Gündəm Özəl

"Xoşagəlməz hadisələr elə təqdim olunmalıdır ki, onları törədənlərə qəhrəman kimi yanaşılmasın" — AÇIQLAMA

Xoşagəlməz hadisələr elə təqdim olunmalıdır ki, onları törədənlərə qəhrəman kimi yanaşılmasın — AÇIQLAMA

Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atan şəxslər müəyyən edilib.

Demokrat.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə əməli törədən 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Yeniyetmələr arasında mənfi davranışların artması, onların qanunazidd hərəkətləri narahatlıq doğuran məqamdır. Valideynlər övladlarına nəzarət edə bilmirlər, yoxsa yeniyetmələr ailədən daha çox kənar ünsürlərlərdən təsirlənirlər?

Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, bəzi insanlar valideynlik missiyasının nə olduğunu, bunun mahiyyətini başa düşmür:

“Valideynlik təkcə dünyaya uşaq gətirmək deyil. Bəzi valideynlər uşaqları sağlam ailə mühitində böyüdə, onları ətraf-mühitin zərərli təsirlərindən qoruya bilmir. Düşünürəm ki, hər insan ailə qurmalı deyil. Ailə qurmaq üçün buna həm psixoloji, həm də mənəvi hazır olmaq lazımdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Uşaqların zərərli davranışlara meyillənməsi ailə mühitində boşluqlardan xəbər verir. Valideyn – övlad münasibətlərində problemlər var, səmimilik yoxdur. Bunun nəticəsidir ki, uşaqlar, yeniyetmələr zərərli vərdişlərə aludə olur. Erkən yaşlarda artıq neqativ davranışlar nümayiş etdirirlər, kriminal mühitə açıq olurlar”.

Sosioloqun fikrincə, bunun qarşısının alınması üçün bütün institutlar birgə çalışmalıdır:

Xoşagəlməz hadisələr elə təqdim olunmalıdır ki, onları törədənlərə qəhrəman kimi yanaşılmasın — AÇIQLAMA

“Ailə qurmamışdan əvvəl cütlüklər psixoloji testdən keçməlidirlər. Baş verən hadisədə də biz valideyn məsuliyyətisizliyini görürük. Məktəbin də uşaqların düzgün tərbiyə almasında rolu var. Ailə institutu, təhsil institutu uşaqların formalaşmasında kompleks iş görməlidir. Əfsuslar olsun ki, uşaqlar və yeniyetmələr kənar təsirlərə məruz qalır. Baxırıq ki, sosial şəbəkələrdə, televiziya kanallarında, xəbər saytlarında zərərli məlumatlar verilir, kriminal xəbərlər yayımlanır. Bunlar da azyaşlılarda maraq oyadır. Media orqanları bu məsələdə daha həssas olmalıdır. Xoşagəlməz hadisələr elə təqdim olunmalıdır ki, onları törədənlərə qəhrəman kimi yanaşılmasın. Uşaq və yeniyetmələr sağlam sosiallaşmaya təşviq edilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova