Gündəm Özəl

“Dünyaya səpələnmiş ermənilər hər cür təxribata əl ata bilər” — Qondarma rejimin özünü buraxması separatizmin sonudur?

“Dünyaya səpələnmiş ermənilər hər cür təxribata əl ata bilər” — Qondarma rejimin özünü buraxması separatizmin sonudur?

“Dünya təcrübəsinə baxsaq, görərik ki, separatizmin kökünü tamamilə kəsən dövlətlər barmaqla sayılacaq qədərdir. Azərbaycan buna müəssər olubsa, bu onun apardığı uğurlu hərbi-siyasi və diplomatik mübarizənin təzahürüdür”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.

Onun fikrincə, yenə də tam arxayınlaşmaq olmaz, düşünməməliyik ki, iş bitib:

“Dünyaya səpələnmiş ermənilər var, güclü erməni diasporu var. Hər cür terrora, təxribata əl ata bilərlər. Bunu 70-80-ci illərdə ASALA terror təşkilatının türk diplomatlarına qarşı törətdiyi cinayətlər zamanı gördük.

Özlərinə aid olmayan torpaqlara köçürülən xalqlar hər zaman kinli olur. Ermənilər də bu kini unutmayacaq. Bəlkə də gözləyəcəklər ki, müəyyən proseslər bitəndən sonra hansısa təxribatlara əl atsınlar. Lakin bu geniş mənada proseslərə təsir etməyəcək”.

Politoloq qeyd edib ki, qondarma rejimin artıq sonudur:

“Artıq Azərbaycan ərazisində separatizm meyilləri baş qaldıra bilməz. Bundan sonra yalnız Azərbaycanla Ermənistan arasında normallaşma prosesi getməlidir. Ermənistan xunta rejiminin buraxılmasından sonra yazılı, imzalı şəkildə söz verməlidir ki, bundan sonra Azərbaycanın daxili işlərinə qarışmayacaq. Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər.

Bundan sonra aparacağımız mübarizə ideoloji mübarizə olacaq. Ermənilər ayrı-ayrı beynəlxalq təşkilatlar səviyyəsində, dünyanın müxtəlif şəhərlərində mitinqlər, aksiyalar keçirməklə nəyəsə cəhd edəcəklər. Lakin bir daha qeyd edirəm ki, bunlar ümumi prosesə təsir etməyəcək. Azərbaycan öz istəyinə nail olub”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova