Kriminal Özəl

Sabirabadda kürəkən qayınatasını bıçaqladı, qayınanasını isə... — TƏFƏRRÜAT

Sabirabadda kürəkən qayınatasını bıçaqladı, qayınanasını isə... — TƏFƏRRÜAT

Sabirabad rayonunda 1988-ci il təvəllüdlü Sahət qayınatası İlqarı bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sahət 30 may 2021-ci ildə sərxoş vəziyyətdə bir müddət əvvəl ondan küsərək atası evinə getmiş arvadını evlərinə gətirmək üçün Sabirabad rayonu Axısxa kənd sakini İlqarın yaşadığı evin həyətinə gəlib. O, gəlişinin məqsədini bildirib, arvadını çağırmasını deyib.

İlqar qızı Xalidənin onu istəmədiyini, Xalidəni bir daha ona verməyəcəyini bildirərək ondan evi tərk etməsini tələb edib.

Bu zaman aralarında mübahisə baş verib. Mübahisə zamanı Sahət özündə olan bıçaqla qayınatasını vurub.

Hadisəni törədən Sahətin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2020-ci ilin iyunun 2-də sevdiyi Xalidəni qaçıraraq Qəzli kəndində yaşadığı ata evinə gəliblər: “Rəsmi nikahımız olmayıb. Lakin faktiki ər-arvad münasibətləri ilə yaşamışıq. Valideynlərim ilə arvadım arasında mübahisələr olduğuna görə 2021-ci ilin yanvar ayının sonlarından Xalidə ilə ayrı yaşadıq. Daha sonra Xalidə atasının evinə getdi. Bir neçə dəfə Xalidəni evə aparmaq üçün qayınatamgilə getdim. Lakin hər dəfə qayınatam ilə mübahisə edərək Xalidəni özüm ilə apara bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 30-da, saat 17 radələrində kəndlərində olan kafedə təxminən 5 bakal pivə içdikdən sonra evə gedib və bıçaq götürərək qaynatasıgilə getməyi, Xalidəni evə aparmaq istədiyini onlara deməyi, bu dəfə də Xalidəni aparmağa qoymasalar, bıçaqla qayınatası İlqara vuraraq xəsarət yetirməyi qərarına gəlib:

“Evdən bıçağı götürərək taksi ilə saat 19 radələrində Axıska kəndinə qayınatam İlqargilin evinin qarşısına getdim. Taksidən düşərək həyətə daxil oldum. Evin birinci mərtəbəsində qayınatam və qayınanama yenidən Xalidəni aparmağa gəldiyimi bildirdim. İlqar bir daha Xalidəni mənə verməyəcəyini dedi. Bu zaman əsəbiləşdim və belimə keçirtdiyim bıçağı çıxararaq İlqarı vurmağa başladım. İçkili olduğumdan konkret İlqarın hansı nahiyələrinə vurduğumu bilməmişəm. İlqara xəsarət yetirən zaman qayınanam Ziyafət İlqarı vurduğumu gördü, aramıza girdi, əlimdəki bıçaq ehtiyatsızlıqdan qaynanama da dəydir. İlqara bıçaqla zərbələr vurmağımı onun uşaqları Heydər, Mehriban, Hikmət və Kamil gördülər. İlqarın qarın nahiyəsində qan gördüm, bir anlıq peşman oldum. Evdən küçəyə çıxdım və məni gözləyən taksiyə əyləşdim. Bıçağı qabaq sağ oturacaqda oturduğum yerə qoydum və evimizin qarşısına gəldim”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahət 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova