Gündəm Özəl

“Bu cür fəaliyyət proqramı hər bir tələbəyə uğur gətirə bilər”— Ekspertdən məsləhətlər

“Bu cür fəaliyyət proqramı hər bir tələbəyə uğur gətirə bilər”— Ekspertdən məsləhətlər

Sentyabrın 15-də tələbə adı qazananlar ilk dəfə universitet həyatı ilə tanış olacaqlar. Cəmiyyətin böyük kəsimi üçün universitetdə oxumaq, ali təhsilli olmaq çox şey ifadə edir. Elə 4 il də həyatda yeni uğurlara imza atmaq, özünü inkişaf etdirmək, yeniliklərə qapı açmaq üçün az müddət deyil.

Təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında ilk dəfə universitetə qədəm qoyacaq tələbələrə dəyərli məsləhətlərini bölüşüb:

“Universitet nədir? Əmək bazarı üçün hər bir ixtisasa uyğun kadrlar hazırlayan müəssisədir. Qəbul olunduğu universitet və ixtisasdan asılı olmayaraq hər bir tələbənin karyera bələdçi paketi olmalıdır. Son illər könüllü olaraq ictimai əsaslarla bu işlə məşğulam. Bu nədir? Karyera bələdçi paketi, yəni hədəf proqramı olmayan tələbə bir növ okeanda üzən yelkənsiz qayığa bənzəyir. O nə edəcəyini, düşdüyü yeni mühitdə hansı addımları atmalı olduğunu bilmir. Özü üçün proqram hazırlamalıdır. Orada hər semestr üçün fəaliyyətlər öz əksini tapmalıdır. Semestr ərzində nə etməlidir, nələri öyrənməli, hansı hədəflərə çatmalıdır – hər birini özü üçün planlamalıdır. Bunlar yazılı şəkildə olmalıdır ki, məsuliyyət və hesabatlılıq da olsun. 4 il ərzində bu cür fəaliyyət proqramı hər bir tələbəyə uğur gətirə bilər”. Ekspert universitet illəri ərzində tələbələrin qazanmalı olduqları bacarıqlardan da bəhs edib:

“Tələbə vaxtını düzgün etməyə çalışmalıdır. Vaxt hər şeydir, uğurdur. Zamanın düzgün idarə edilməsi 1-ci kursdan tələbənin ağlına yazılmalıdır. İkinci məqam layihələrin idarə edilməsidir. Bu günün universitet tələbəsi sabah əmək bazarının aktiv kadrıdır. O, hər bir halda layihə əsasında işləyəcək. Layihə alqoritmdir, hər şey bunun üzərində qurulur. Növbəti vacib bacarıq xarici dil bilgisidir. Öyrənilən hər bir dil yeni bir dünyaya, mədəniyyətə qapıdır. Bu həm də tələbənin özünə verəcəyi ikinci diplomdur. Əmək bazarında hər iki diplom ona eyni səviyyədə lazım olacaq. Bundan başqa hər bir tələbə ofis proqramlarını bilməlidir. İxtisasından asılı olmayaraq bu gün hər kəs excel proqramını bilməlidir. Ofislərdə istifadə edilən ən vacib proqramdır. Tələbə həm də ictimai fəaliyyətlə məşğul olmalıdır. Lakin intellektini artırmaq və ixtisasını yaxşı mənimsəməyi unutmamaq şərtilə. Bütün bunlar paralel şəkildə həyata keçirilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova