Gündəm Özəl

Paşinyanın ikiüzlülüyü: erməni baş nazir Rusiyanın əlinə oynayır

Paşinyanın ikiüzlülüyü: erməni baş nazir Rusiyanın əlinə oynayır

Ermənistanın baş naziri Nikol Paşinyanın ikiüzlülüyü növbəti dəfə ortaya çıxdı. Qarabağın Azərbaycan ərazisi olduğunu deyən, Brüssel danışıqlarında Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol dünən verdiyi açıqlamalarla özünü təkzib etdi. Erməni baş nazir Qarabağda hələ də qalan separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müraciəti ilə Azərbaycana qarşı ərazi iddialarını yenidən irəli sürdü.

Bu mövqe faktiki olaraq Brüssel formatının dağılması, Avropa İttifaqının sülh vasitəçiliyinin arxa plana keçirilməsidir. Bunun baş verməsi ən çox Rusiyanın marağındadır, Nikol isə diletantlığı ilə buna şərait yaradır.

Paşinyanın ikiüzlülüyü: erməni baş nazir Rusiyanın əlinə oynayır

Bütün bunların fonunda Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə baş verənlər diqqət çəkir. Proseslər keçmiş “Qarabağ klanı”nın yenidən gücləndiyini və hər şeydən öncə Paşinyanın hakimiyyətinə təhlükə yaratdığını göstərir.

İrəvanda keçirilən mitinqlərin əsas gündəmini Qarabağ iddiaları təşkil edir və baş verənlər Koçaryan-Sarkisyan xəttinin önə çıxdığını deməyə əsas verir. İrəvandakı mitinqlər fonunda Qarabağda baş verənlər də bunu deməyə əsas verir. Belə ki, separatçıların “başçısı” Araik Arutyunyan “istefa” verdi. Araik Koçaryan-Sarkisyan klanına bağlı olsa da zəif şəxs idi və onların planlarını icra edə bilmirdi. Onu oyundan kənarlaşdıraraq, separatçı rejimi tamamilə ələ keçirdilər.

Paşinyanın ikiüzlülüyü: erməni baş nazir Rusiyanın əlinə oynayır

Araiki əvəzləyənlər radikal mövqeləri ilə seçilir. Separatçıların “faktiki başçısı” olan Samvel Şahramanyan qondarma rejimin keçmiş “rəhbərləri” olan Arkadi Qukasyan və Bako Saakyana yaxındır, bu xətt də təbii ki, Ermənistandakı Koçaryan-Sarkisyan klanına bağlıdır. İrəvandan Xankəndinə qədər uzanan bu qruplaşma Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına qarşı çıxır, Brüssel prosesinin irəliləməsinə mane olur. Hazırda Qarabağdakı gərginliyin, erməni əhalisinin reinteqrasiyasının, eləcə də Ağdam-Xankəndi yolunun qarşısını alanlar da onlardır.

Paşinyanın ikiüzlülüyü: erməni baş nazir Rusiyanın əlinə oynayır

Bu qruplaşmanın oyunu hazırda Qarabağda getsə də əsas hədəfi Ermənistanda hakimiyyəti ələ keçirməkdir. I Qarabağ müharibəsi və sonrasındakı prosesləri təkrarlamaq, 1998-ci il ssenarisini yenidən tətbiq etməklə Paşinyanı devirmək istəyirlər.

Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ikiüzlü mövqeyi sülh prosesini pozduğu kimi, Koçaryan-Sarkisyan qruplaşmasının güclənməsinə də zəmin yaradır. O cümlədən, bu qruplaşmanın arxasındakı Rusiyanın regiondakı maraqlarına xidmət edir. Əslində həm İrəvandakı, həm də Xankəndindəki proseslərin arxasında Rusiyanın dayandığı da aydındır. Moskvanın hədəfi isə Paşinyanı devirməkdir.

Vaqif Hüseynli Demokrat.az

NE
Nihadə Eyyubova