Şirvan şəhərində 1991-ci il təvəllüdlü Nicat şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı dayısı Gülyara xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 20-də Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində baş verib.
Nicatla Gülyarın aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman Nicat dayısının qollarından tutaraq yerə yıxıb, ona sol dizdə şişkinlik və hərəkət məhdudluğu, hər iki dizdə sıyrıq xəsarətləri yetirib.
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Gülyar onun dayısıdır: “Mənim anam və atamla bir neçə dəfə ailədaxili mübahisələrim olub. Səbəb isə anamın ailə məsələlərimə qarışmağı, məni ailəmdən boşatdırmağı olub. Ona görə də bir neçə dəfə Gülyara dedim ki, gedib bacısını, yəni anamı başa salsın ki, ailə söhbətlərimə qarışmasın. Həmçinin bunlara görə dayım Gülyarla bir neçə dəfə sözlə mübahisələrim olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 20-də ad günü vaxtı spirtli içki içib, içkili vəziyyətdə dayısı oğlu Rəsulun yaşadığı evin həyətinə gedib: “Rəsul ilə söhbət etdim, sonra təxminən sat 22 radələrində içkili vəziyyətdə Gülyarın evinin qapısını döydüm. Gülyara anam ilə söhbət etməyini, mənim ailə söhbətlərimə qarışmamağını deməyini tapşırdım. Gülyar mənimlə acı danışdı. Bundan bərk əsəbiləşdim. Gülyarın qollarından tutaraq sol tərəfi üstə onu yerə yıxdım. Rəsul gələrək bizi ayırdı. Bundan sonra oradan getdim. Şirvan polis şöbəsinə dəvət olunanda mənə məlum oldu ki, dayım Gülyar şikayət edib”.
İş üzrə zərərçəkmiş Gülyarın sözlərinə görə, təqsirləndirilən Nicat onun bacısı Mehribanın oğludur: “Nicatın anası və atası ilə bir neçə dəfə ailədaxili mübahisələri olub. Səbəb isə Nicat həmişə deyib ki, anası və atası onun ailə məsələsinə qarışır, onu boşatdırmaq istəyiblər. Nicat bir neçə dəfə gələrək bacıma bu barədə bir söz deməyimi bildirib. Sonuncu dəfə yanvarın 20-də, təxminən saat 22 radələrində yaşadığım evdə olarkən evin həyət darvazası döyüldü. Nicat sərxoş vəziyyətdə qapının qarşısında anası ilə olan probleminə görə ünvanıma nalayiq ifadələr, söyüş təhqirlər işlətməyə başladı. Nicatdan nə olduğunu soruşdum. Nicat qışqıra-qışqıra mənim bacım ilə söhbət etməyimi, onun ailəsinə müdaxilə etməyinə irad bildirməyimi dedi. Bundan əlavə mənə “bacının öhdəsindən gələ bilmirsən? get onu başa sal, mənim ailəmə müdaxilə etməsin” dedi. Mən də cavabımda Nicata “sənin öz anandı, get özünüz bir-biriniz ilə yola gedin” söylədim. Nicat içkili halda giriş qapının qarşısında sinəmdən bir dəfə yumruq vurdu. Sonra qollarımdan tutaraq sol tərəfi üstə yerə yıxdı. Hər iki ayağımdan xəsarət aldım. Qardaşım oğlu Rəsul gələrək bizi ayırdı, Nicatı kənara çəkdi”. Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Nicatın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


