Gündəm

Mirziyoyevin Prezident seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsi qardaşlığımızın və dostluğumuzun yüksək göstəricisidir

Mirziyoyevin Prezident seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsi qardaşlığımızın və dostluğumuzun yüksək göstəricisidir

Dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan uğurlu əlaqələrin qurulması Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Türk dövlətləri ilə olan mehriban əlaqələrimiz və dostluq münasibətlərimiz isə bu siyasi kursda xüsusilə qeyd edilməlidir.

Ötən bir neçə il ərzində öz birliyi və həmrəyliyi ilə bütün dünya dövlətləri üçün nümunəyə çevirilmiş türkdilli dövlətlərlə qarşılıqlı münasibətlərimiz daha intensiv xarakter almışdır. Şübhəsiz ki, Vətən Müharibəsində qazandığımız qələbə, qələbənin ardından Türkiyə ilə münasibətlərimizi müttəffiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanması, bununla da Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının daha da güclənməsi bütövlükdə türk dünyası dövlətlərinin birliyinə müsbət töhfə vermiş və bu birliyi daha da möhkəmləndirmişdir. Ölkəmiz coğrafi baxımdan Türkiyə və Mərkəzi Asiyada yerləşən türk dövlətləri ilə körpü rolunu oynadığı kimi, türk xalqları arasında dostluq münasibətlərinin inişaf etdirilməsində də körpü missiyasını çox böyük uğurla həyata keçirir.

Türk dünyasının bugünkü gücünün, qüdrətinin və həmrəyliyinin inkişafında cənab Prezidentin şəxsi rolu və əməyi də danılmazdır. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi cənab Prezidentimizin bu birliyə verdiyi töhfənin sübutudur.

22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə Azərbaycana rəsmi səfəri də türkdilli dövlətlərin bu birliyi və qardaşlığı fonunda olduqca əlamətdar səfərdir. Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi bizim üçün çox qürurverivi hadisədir, bu fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir.

Türk dünyasının qüdrətli dövlətlərindən olan Özbəkistan ilə ölkəmizin dostluğu da dərin köklərə malikdir, ikitərəfli və beynəlxalq münasibətlərdə ölkələrimizin mövqeyi hər zaman üst-üstə düşür, qarşılıqlı münasibətlərimizin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını oxşar milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Azərbaycan və Özbək xalqlarının qardaşlığı və dostluğu üzərində qurulan dövlətlərarası münasibətlər Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələrin 2 oktyabr 1995-ci il tarixində yaradılmasından bu yana daima yüksələn xətt üzrə inkişaf edir. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri də unudulmamalıdır.

2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından

xüsusilə məhsuldar olub, çünki ötən il dövlətimizin başçısı Özbəkistana üç rəsmi səfər həyata keçirmişdir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Prezident İlham Əliyev, sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak etmiş, həmçinin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olmuşdur. Bu səfərlər dost Özbəkistanla əlaqələrimizin inkişafının yüksək səviyyəsini göstərir.

Şavkat Mirziyoyevin ölkəmizə baş tutan bu əlamətdar səfəri çərçivəsində olduqca səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu, eləcə də münasibətlərimizi rəsmiləşdirən və onun gələcək inkişaf prespektivlərini müəyyənləşdirən mühüm sənədlər imzalandı. Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqaviləni xüsusi vurğulamaq lazımdır. Bu müqavilənin bağlanması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Eləcə də, Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri çox böyük uğurla həyata keçdi.

Avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində də iştirak ediblər. Məlumdur ki, Qarabağın yenidən bərpası və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtması bizim üçün hazırda ən önəmli məsələlərdən biridir. Bu bizim üçün həm də çox böyük mənəvi önəm daşıyan məsələdir. Böyük mənəvi əhəmiyyət daşıyan işğaldan azad edilən ərazilərimizin bərpasında dost Özbəkistan dövlətinin yaxından iştirakı, Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəbin inşa olunması dostluğumuzun əsl mahiyyətini göstərir. Özbəkistanla dostluğumuzun iqtisadi sahədə də böyük ümidverici perspektivləri var. İnvestisiya qoyuluşu, bank-maliyyə, ticarət, enerji sahəsində, nəqliyyat-logistika sahəsində geniş birgə əməkdaşlıq imkanlarımız və iki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd daxil olmaqla möhkəm hüquqi bazamız var. Odur ki, gələcəkdə həm bu sahələrdə birgə fəaliyyətimizin artırılması, həm də ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması qarşımıza qoyduğumuz məqsədlərdən biridir.

Ziyafət Əsgərov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

D
demokrat.az