Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Göygöl – Toğanalı – Kəlbəcər yolunun Ömər aşırımı adlanan hissəsində baş verib. İdarəetməni itirən minik maşını yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bu cür təhlükəli yollarda görülə biləcək əlavə işlərdən bəhs edib:
“Həmin yol uzun zaman işlək olmayıb. İşğaldan azad olunandan sonra yolda genişləndirmə işləri aparılıb. Nəzərə almalıyıq ki, bu yol 3260 metr yüksəklikdə dağlıq ərazidən keçir. Bu növ yollar dünyanın hər yerində təhlükəli hesab olunur, risklər hər zaman var. Duman daha çox müşahidə olunur, hava şəraitindən asılı olaraq hərəkət məhdudlaşır və ya çətinləşir. Belə yollarda qəza qaçılmazdır. Qəzaların qarşısını almaq və Kəlbəcərə daha tez çatmaq üçün artıq iki ildir 11.6 km uzunluğunda regionun və dünyanın ən uzun qoşa avtomobil tuneli tikilməkdədir. Ümumilikdə Kəlbəcər istiqamətində 5 tunel inşa olunur”.
Ekspert sözügedən yoldan istifadə edən sürücülərə son dərəcə diqqətli olmağı tövsiyə edib: 
“İmkan daxilində tələsmədən hərəkət etmək lazımdır. Ömər aşırımından keçən R-19 Gəncə - Kəlbəcər – Laçın yolunu genişləndirib, müvafiq nişanlar qoymaq, ehtiyac olarsa, onların sayını artırmaq olar. Sarı döyünən işıqlar da qoyula bilər. 2025-ci ildə Toğana – Kəlbəcər – İstisu yolunun istifadəyə verilməsi planlaşdırılır”.
R.Ağamirzəyev azad olunan rayonlarda görülən yol infrastruktur işləri barədə də məlumat verib:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 66 km olan 39 tunel inşa edilir. Onlardan bəziləri iki gəliş, iki gediş üçün nəzərdə tutulan qoşa tunellərdir, bəziləri tək gedişlidir. Azad olunan ərazilərdə geniş miqyasda işlər görülür. Gələcəkdə Laçın və Kəlbəcər rayonları arasında əlaqə yaxşılaşacaq, həm də bu yollar böyük əhəmiyyəti olan bir dəhliz rolunu oynayacaq”.
Törə Zeynallı Demokrat.az


