Cəlilabad rayonunda 1994-cü il təvəllüdlü Yaşar Əmənov qonşusu Samir Nuriyevi öldürməyə cəhd edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yaşar 8 noyabr 2021-ci ildə, gecə saat 00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu halında yaşadığı Cəlilabad rayonu, Sabirabad kəndindəki toy şənliyində əsassız irad tutduğu qonşusu Samirin ona “get işinlə məşğul ol” deməsini bəhanə edib.
Yaşar heç bir səbəb olmadan Samiri xuliqanlıq niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evə gələrək bıçağı götürüb və həmin toy şənliyinə qayıdıb.
Lakin toy şənliyində insanların çox olmasını görüb və Samirin yaşadığı fərdi yaşayış evinin qarşısına gəlib. Orada Samirin evə gəlməsini gözləyib. Samir anası və azyaşlı oğlu ilə birlikdə yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısına çatan zaman yaxınlaşaraq Samirə çoxsaylı zərbələr vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Yaşarın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4 (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Yaşarın barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 7-də həmkəndlisi Xəzərin Sabirabad kəndi ərazisində toy məclisi olub: “Toy mərasimi mağarda təşkil edilmişdi. Ailə üzvlərimdən anam, atam və arvadım da həmin toy məclisinə iştirak etməkdən ötrü gediblər. Mən isə toya dəvət olunmadığım üçün evdə tək qalmışdım. Evdə olarkən yarım litrlik spirtli içki qəbul etdim. Təxminən saat 21 radələrində həmin toy məclisinə getdim. Toy mağarından çöldə dayanıb tamaşa edərkən, qonşum Samirin toyda iştirak edən tanımadığım bir qadına çiyni ilə vurduğunu gördüm və ona iradımı bildirdim. Samirin mənə qarşı işlətdiyi alçaldıcı sözlər çox pis təsir etdiyindən yaşadığım evə getdim. Evdən bıçaq götürüb toy məclisinə qayıtdım. Oraya qayıtmaqda məqsədim Samir yenidən mənə qarşı nalayiq sözlər işlədərsə, ona bıçaqla xəsarət yetirmək olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, toy məclisinə geri qayıtdıqdan sonra Samirə yenidən yaxınlaşaraq hansı səbəbə ona qarşı nalayiq ifadələr işlətməsini soruşub: “Samir yenə də mənə qarşı alçaldıcı sözlər dedi. Mən Samirlə yaxalaşdım. lakin orada olan şəxslər bizi ayıraraq dava etməyimizin qarşısını aldılar. Samirlə sonuncu dəfə söhbət etmək, məndən üzr istəyib, sözlərini geri götürməsini istədim. Ona bıçaqla xəsarət yetirməkdən ötrü gedərək onu yaşadığı evin qarşısında gözlədim. Təxminən 2 saat orada gözlədikdən sonra saat təxminən bir radələrində Samirin anası Sevinclə birlikdə yaşadıqları evə gəldiklərini gördüm. Samirdən hansı səbəbə məni təhqir etdiyini soruşdum. Samir də yaxşı elədiyini bildirdi və mənim yaxamdan tutdu. Mən də cibimdə olan bıçağı çıxararaq Samirin bədən nahiyəsinə bıçaqla bir neçə zərbə vurdum. Zərbələrin təsirindən Samir yerə yıxıldı. Sevinc Samirin yerə yıxıldığını görərək ona kömək etməyə çalışdı. Mən bıçağı cibimə qoyaraq oradan uzaqlaşdım və yaşadığım evə getdim. Sonra da polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Samiri öldürmək niyyəti olmayıb, onu bıçaqla vurmaqda məqsədi cəzalandırmaq olub. O, ifadəsində daha sonra göstərib ki, toyda Samirin sataşdığı qadının kim olduğunu və onlar mübahisə edərkən onları aralayan şəxslərin kimliyini xatırlamayıb.
İş üzrə zərərçəkmiş Samirin sözlərinə görə, noyabrın 7-də yaşadığı Sabirabad kəndi ərazisində həmkəndlisi Xəzər Hüseynovun toy mərasiminə ailə üzvləri ilə birlikdə gedərək iştirak ediblər:
“Orada məni kiçik toy məclisinə görə söhbət etməkdən ötrü mağardan çölə çağrdılar. Çölə çıxaraq, həmin şəxslə bir qədər söhbət etdikdən sonra mağara geri qayıtdım. Mağara qayıdarkən Yaşar mənə "özünü düz apar" dedi. Yaşarla qonşu olduğumdan onun sözünə məhəl qoymayaraq öz işinlə məşğul ol deyərək, mağara qayıtdım. Saat təxminən 23 radələrində anam Sevinc həmin toy məclisinə oğlum Tunarla birlikdə gələrək mənə evə qayıtmağımı dedi. Mən də toy məclisində bir qədər də qaldıqdan sonra anam və oğlum ilə birlikdə saat təxminən bir radələrində yaşadığım evə qayıtdım. Evimizə yaxınlaşarkən Yaşar məni çağırdığından ona yaxınlaşdım. Həmin anda Yaşar qarnımdan bərk vurdu. Əvvəlcə Yaşarın yumruqla vurduğunu düşündüm. Lakin ikinci dəfə vuran zaman Yaşarın məni bıçaqla vurduğunu hiss etdim. Əlimi qarın nahiyəmə qoyduqda qan axdığını gördüm. Həmin vaxt darvazanın yanında olan anam Sevinc qaçaraq yanıma gəldi və Yaşarın yaxasından tutdu. Yaşarın məni bıçaqla vurmasının qarşısını almağa çalışdı. Həmin vaxt bıçaq zərbələrinin təsirindən halsızlaşdım, qarın və döş qəfəsimdən əlim ilə tutaraq əyildim. Həmin anda Yaşar kürək nahiyəmdən bir dəfə də bıçaqla vurdu. Mən yerə yıxıldım. Anam qışqıraraq qonşuları çağırdı. Yaşar yerdə hərəkətsiz vəziyyətdə qaldığımı gördü, həm də hadisə yerinə avtomobilin yaxınlaşdığını görərək oradan uzaqlaşdı. Anamın köməkliyi ilə ayağa qalxdım. Atam Saleh anam ilə birlikdə məni dərhal rayon mərkəzi xəstəxanasına apardılar. Orada mənə ilkin tibbi yardım göstərildi”.
Zərərçəkmiş bildirib ki, həmin toy məclisində ümumiyyətlə onun hər hansı bir qadınla, nə də ki, Yaşarla arasında mübahisə baş verməyib:
“Yaşar mənə heç bir səbəb olmadan “özünü düz apar” dedi. Mən də onun sözünə heç bir əhəmiyyət vermədim. Ona “öz işinlə məşğul ol” deyə cavab verdim”.
Məhkəmənin hökmü ilə Yaşar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


