Tərtər rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Sahib Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 9-na təyin edilib.
İttihama görə, bu ilin mayın 4-də, saat 12 radələrində Tərtər rayon sakini 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Müəyyən edilib ki, Sahib Əlizadə həyat yoldaşının atasının evinə gedərək onu həyətyanı sahəyə çağırıb. Aralarında düşən mübahisədən sonra onu qətlə yetirib.
Cütlük boşanma ərəfəsində olub. Sahib Əlizadə həmçinin qayınanasına da bıçaq xəsarətləri yetirib.
Hadisəni törədən Sahib Əlizadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


