Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynada prezident seçkiləri keçirilərsə, Volodimir Zelenski deyil, hərbçilərdən biri qalib gələcək.
“Sizə deyim ki, yaxın gələcəkdə seçkilər keçirilsə, hərbçilərdən biri qalib gələcək. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və ya başqası prezident olacaq”, - deyə Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.
O bildirib ki, Ukraynada insanlar ölür: "Ukrayna demək olar ki, hər şeyini itirir. Ukraynaya bu lazım deyil".
Belarus prezidentinin bu proqnozunu Demokrat.az-a açıqlamasında şərh edən politoloq Nəsimi Məmmədlinin sözlərinə görə aktiv hərbi əməliyyatların keçirildiyi bir vaxtda Ukraynada seçkilərin keçirilməsi elə də real görünmür:
“Əhalinin əksəriyyəti Avropada və digər ölkələrdə məcburi köçkün həyatı yaşayır. Belə bir şəraitdə seçkilərin keçiriləcəyinə inanmıram. Çünki bu, seçicilərin tam şəkildə iradəsini əks etdirməyəcək. Bununla bağlı ertələmələr ola və ya digər hüquqi addımlar atıla bilər”.
Politoloq qeyd edib ki, hazırda Zelenskinin Ukraynada reytinqi kifayət qədər yüksəkdir:
“Müharibə dövründə prosesə rəhbərlik edən dövlət başçısını xalq heç bir halda savaşın gedişində dəyişməz. Bu, Ukrayna üçün arzuolunmaz nəticələrə gətirib, çıxara bilər.
Düşünürəm ki, seçki olmayacaq, olacağı təqdirsə isə Zelenski yenə də öz vəzifəsinə davam edəcək.
O, təkcə öz maraqlarını və iddialarını müdafiə etmir, faktiki olaraq xalqın iradəsinin ifadəçisidir. Ukrayna xalqı bu gün Rusiya ilə müharibənin tərəfdarıdır. Ona görə də Zelenskinin reytinqində ciddi enmələr yoxdur”.
Törə Zeynallı Demokrat.az


