Gündəm Özəl

“Rusiya Ermənistanın əleyhinə ola bilər” — Politoloq

“Rusiya Ermənistanın əleyhinə ola bilər” — Politoloq

“Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə hansısa qətnamə qəbul etmək ehtimalının yüksək olduğunu düşünmürəm. Olsa belə, bu, Azərbaycanı nəyəsə məcbur edə bilməz. Necə ki, 30 ildə 4 qətnamə yerinə yetirilmədi. Hansısa ümumi sənəd, çağırış qəbul oluna bilər ki, bunun da heç bir xeyri olmayacaq”.

Bu fikirləri Demokrat.az-a avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında Laçın yolu ətrafındakı vəziyyətin müzakirəsi ilə bağlı gözləntilərini açıqlayan "Atlas" Araşdırmalar Mərkəzininin rəhbəri politoloq Elxan Şahinoğlu deyib.

“30 il öncə Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhülkəsizlik Şurası yekdilliklə 4 qətnamə qəbul etmişdi. Heç biri yerinə yetirilmədi, adi kağız parçasına çevrildi. Azərbaycanın tələbləri qulaqardına vuruldu. BMT hər zaman topu ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) atırdı, o da mənasız danışıqları davam etdirirdi. İndi Ermənistan Azərbaycandan şikayət edir, Laçın yolu ilə bağlı məntiqsiz tələblər irəli sürür. Halbuki biz alternativ yol göstərmişik”.

E.Şahinoğlu qeyd edib ki, Qərb dövlətlərinin təşəbbüslərinin reallaşması Rusiyanın maraqlarına uyğun deyil:

“Mümkündür ki, Fransa ermənispərəst mövqedən çıxış etsin. O, TŞ-nın daimi üzvüdür. Birləşmiş Ştatlar və Böyük Britaniya da Azərbaycanla tərəfdaşlıq münasibətlərinə rəğmən ola bilsin ki, Fransaya etiraz etməsinlər. Lakin düşünürəm ki, Rusiya bunun əleyhinə olacaq. Çünki Ukrayna müharibəsinə görə Qərblə münasibətləri gərgindir, əvvəllər də Qərbin “hə”sinə, “yox”, “yox”una “hə” deyirdi. Bu, Rusiya ilə Ermənistan arasındakı münasibətləri daha da soyudacaq. Baxmayaraq ki, rus hərbi kontigentinin Qarabağ separatçıları ilə müəyyən iş birliyi var”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova