Türkiyə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda Azərbaycan – Ermənistan münasibətlərinin normallaşma prosesi müzakirə edilib.
“Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesində birbaşa dialoqda iştirak etmir. Birbaşa dialoq platforması Rusiya, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları çərçivəsindədir. Digər aktorlardan fərqli olaraq, Türkiyənin Cənubi Qafqazda mövcudluğu bölgədə tarazlıq və sabitləşmə siyasəti üçün çox vacibdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, bu gün Türkiyə Cənubi Qafqazda olmasaydı, bölgə çoxdan digər dövlətlərin işğal hədəfinə çevrilmişdi.
“Türkiyənin Ermənistanla münasibət qurması yalnız Azərbaycanla qarşı tərəf arasında sülh müqaviləsi imzalandığı təqdirdə baş tuta bilər. Türkiyənin şərti budur. Bilirik ki, Paşinyan və separatçılar sülh prosesinə ciddi zərbə vurur. Belə olan halda Türkiyənin aktiv rolu ondan ibarət olacaq ki, o, bölgədə marağı olan müxtəlif tərəflərlə regional mövzuları müzakirə edəcək. Avqustun sonunda Putinlə Ərdoğan arasında baş tutacaq görüşdə Cənubi Qafqaz, həmçinin Qarabağ məsələsi müzakirə mövzusu olacaq”.
Politoloq vurğulayıb ki, Türkiyə böyük durdurucu qüvvə kimi digər regional aktorlar qarşısında çıxış edir.
“Bakı – Ankara birliyi bundan sonra da bu və ya digər çağırışları həyata keçirəcək. 44 günlük müharibədə və sonralar da gördük ki, Türkiyənin müxtəlif ölkələrlə dialoqu, ümumiyyətlə, onun varlığı məhz Azərbaycanın lehinə qərarların qəbul edilməsi ilə nəticələndi, bundan sonra da belə olacaq”.
Törə Zeynallı Demokrat.az


