Bir neçə gün əvvəl sosial şəbəkələrdə axşam saatlarında mağazanın qarşısında oturan azyaşlı uşağa yeniyetmələrin şiddət göstərdiyini əks etdirən video görüntülər yayıldı.
Mağazaya girib, çıxanların, yoldan ötənlərin azyaşlıya qarşı edilən zorakılığa laqeyd yanaşması yeniyetmələrin hərəkətindən daha çox müzakirəyə səbəb oldu.
Cəmiyyətimizdə insanların bir-birinə laqeyd davranışının, vecsizliyin artdığını müşahidə edirik. Bu kimi hadisələr baş verdikdə isə papağımızı qabağımıza qoyub dərin düşüncələrə dalır, nəyin bizi bu hala gətirib çıxardığını tapmağa çalışırıq.
Sosioloq Elçin Bayramlı müasir dövrdə aqressiyanın, laqeydliyin kəskin artdığını deyir. Onun fikrincə bu, eqoist yaşayış tərzinin təbliğinin nəticəsidir.
Demokrat.az-a açıqlamasında səbəblərə toxunan sosioloq qeyd edib ki, insanlar başlarını bəlaya salmaq istəmir.
“Bizdə bu, həqiqətən bəladır. Davaya müdaxilə edib, tərəfləri ayırmağa çalışanda ya da bir oğru barədə polisə məlumat verəndə normal vətəndaşın başı daha çox ağrıyır, nəinki günahkarların. İnsanların davranışı, psixologiyası dəyişib. Hər kəs özü üçün yaşayır, sosial məsuliyyət, vətəndaşlıq borcu qalıb bir kənara, hər kəs öz əyləncəsindədir. Buna yeni dövrün tələbləri də deyə bilərik. İnsanlar əvvəlki kimi bir-birinə qarşı mehriban, diqqətcil deyillər. Hər kəs özü üçün rahat, yüksək yaşayış təmin etmək istəyir, yanında kimə nə oldu heç vecinə də deyil”.
E.Bayramlı deyib ki, burada dolayı səbəblər də var.

“İndiki qidalar insanları həm də psixoloji cəhətdən məhv edir. Onların bir çoxunun insan mənəviyyatını pozduğu rəsmi sübuta yetirilib. Tərkibində normal insan düşüncəsini, psixologiyasını məhv edən kimyəvi maddələr var. Bir çox dərmanlar da həmçinin...”
Cəmiyyətdəki stresli həyat tərzinin laqeydliyin səbəblərindən olduğunu bildirən ekspert sosial çətinliklərə də diqqət çəkib.
“İnsanların iqtisadi vəziyyəti çətindir, iş tapa bilmirlər və ya stresli işlərdə çalışırlar. Bu da psixologiyaya təsirsiz ötüşmür. Sosial vəziyyəti ağır olanlarda ətrafa qarşı qəzəb, aqressiya var.
Mənəvi dəyərlər arxa plana atılıb. Adicə, əvvəllər yaşlıların yanında uşaqlar siqaret çəkə bilməzdi. Böyüklər dərhal onun barəsində tədbir görürdü. İndisə heç kim bunu eləmir, bilir ki, valideyn gəlib deyəcək ki, uşağımla nə işin var”.
Son olaraq E.Bayramlı əlavə edib ki, 21-ci əsr özü ilə bərabər kompleks problemlər gətirib.
“Son dövrlərdə bizim min illik klassik yaşam tərzimiz dəyişib. Müasirlik ideyaları altında mənəvi dəyərlərin olmadığı həyat tərzinə keçirik, ancaq maddi maraqlar var. Ailədaxili qətllər, qohumlar arasında mülk davaları, xəyanətlər baş alıb gedir.
Media, televiziyanın, hətta bəzi qanunlarımızın təbliğ etdiyi yeni dəyərlər yaxşı nəsə vəd etmir. Ortalıq psixi xəstəylə qaynayır. Ölkədə minlərlə zombi var, dispanserdə müalicə olunmaq əvəzinə cəmiyyətdə dolaşırlar. Cəmiyyət olaraq o qədər dəyişmişik ki, hadisələrin qarşısını almaq üçün böyük işlər görülməlidir”.
Törə Zeynallı Demokrat.az


