7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş edilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək.
Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər.
Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.
Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi qanunsuz olsa da, bu kimi hallar davam edir. Sözügedən yenilik bunun qarşısını alacaqmı?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynlinin fikrincə, parklanma xidmətinə nəzarət etmək üçün həmin yerdə rəsmi və ya qeyri-rəsmi şəkildə kimsə dayanacaqsa, ona ödəniş edən vətəndaşlar olacaq.

“Bunun qarşısını almaq artıq hüquq – mühafizə orqanlarının işidir. Parklanmaya görə pul tələb etmək qanunsuzdursa, bunu edən şəxsləri də oradan uzaqlaşdırmaq lazımdır. Bəzən qadın sürücülər avtomobili arxaya verməkdə, park etməkdə çətinlik çəkir. Parklanmaya baxan şəxs də gəlir ona yardım edir. Və ya bir avtomobil digərinin qarşısını kəsib, dayanır, həmin şəxs sürücüyə maşını çıxartmağa şərait yaradır. Vətəndaşlar da 50 qəpik, bir manat bəxşiş verir. Belə hallar həmişə olub. Bu məsələdə artıq vətəndaşın edəcəyi bir şey yoxdur”.
Törə Zeynallı Demokrat.az


