Siyasət Özəl

Eldəniz Quliyev ortaya çıxdı: Ziyasız “ziyalının” işığına toplaşanlar…

Eldəniz Quliyev ortaya çıxdı: Ziyasız “ziyalının” işığına toplaşanlar…

FETÖ terror təşkilatı ilə bağlantılara malik olan Qubad İbadoğlunun istintaqı başa çatmayıb, lakin bir qrup bu şəxsin müdafiəsi üçün dəridən-qabıqdan çıxır, az qala Q.İbadoğlunu dünya iqtisadiyyatının “xilaskarı”, Azərbaycan siyasətinin “böyük lideri” kimi təqdim edirlər. Hərçənd, bunu edənlər də, elə bütün ictimaiyyət də Q.İbadoğlunun iqtisadi ekspert olduğunu, siyasətdə də arada-sırada görünən, sonra yoxa çıxan şəxs kimi tanıyır. Onun həbsi də konkret fakta, FETÖ üzvlərinin ifadəsinə əsaslanır.

Amma gah FETÖ-ya bağlı şəxslər, gah “qrantyeyənlər” olaraq tanınan qruplar, gah da Qərb ölkələrinin səfirliklərindən təlimat alanlar Qubad İbadoğlu ətrafında “stəkanda fırtına” yaradır, zaman-zaman dövlətə qarşı müxtəlif iddiaları, ittihamları səsləndirirlər.

Bu, müdafiə kampaniyasının bir hissəsini də dövlət başçısına edilən müraciətlər təşkil edir. Belə müraciətlərdən birini də Eldəniz Quliyev edib.

E.Quliyev müraciətini “Azərbaycan ziyalılarının” adından təqdim edib. Q.İbadoğlunun bioqrafiyasını təqdim edib, daha sonra sətiraltı şantaj irəli sürüb. Bildirib ki, Q.İbadoğlunun həbsi “Azərbaycanda yaşayan ermənilərin amanda olmaması” fikirlərinə əsas yarada bilər. Bununla demək istəyir ki, Q.İbadoğlu azad edilməsə, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasının əleyhinə olanlar bundan ölkəmizə qarşı kampaniyada istifadə edəcəklər. Bu məsələlərin bir-birinə bağlanması gülünc görünür. Birincisi, Q.İbadoğlu sıradan bir iqtisadçıdır və onun nə ölkədə, nə də beynəlxalq səviyyədə nüfuzu o qədər deyil ki, böyük bir prosesə zərər vursun. İkincisi, İbadoğlu konkret fakt əsasında həbs olunub, indi kimsə bundan hansısa məqsədi üçün istifadə edəcəksə, o zaman hüquq arxa plana keçməlidir?!

Absurd və gülünc müqayisədir, əslində Eldəniz Quliyevdən bundan artığını gözləmək də mümkün deyildi. Siyasətə kinodan atılan E.Quliyevin keçmişinə nəzər yetirdikdə onun qeyri-ciddi adam olduğunu anlamaq çətin deyil, əslində ictimai-siyasi cameə bunu yaxşı bilir.

Bu şəxs bütün fəaliyyəti boyunca “su bulandırmaqla” məşğul olub. Azərbaycan kinosunda intriqalarla məşğul olandan sonra qəfil siyasətə atıldı. Onun bu addımının arxasında İranın dayandığına dair fikirlər var. Əslində özü də dolayısı ilə bunu təsdiq edir. Misal üçün, Tale Bağırzadəni açıq şəkildə müdafiə edir, İranın Azərbaycana qarşı aqressiv siyasətində molla rejimin tərəfindən çıxış edir və s.

Vaxtilə “El” hərəkatına qoşulan E.Quliyev “Ziyallar Forumu”nda da boy göstərdi, daha sonra Milli Şuraya baş vurdu, sonda da kənara çəkildi. Onun müxalifət daxilində də qəbul edilmədiyi sirr deyil və zaman-zaman tənqid də olunub, hətta qarşıdurma media üzərindən təhqir formasında da yaşanıb. Çünki E.Quliyev olduğu hər yerdə intriqaları ilə tanınıb.

İndi onun “ziyalılar” olaraq siyahı hazırlaması və dövlət başçısına müraciət etməsi, həm də fikirlərini absurd iddialarla əsaslandırmaq cəhdi yalnız gülüş doğurur. Ən maraqlı məqamlardan biri isə müraciətə adını daxil etdiyi şəxslərin əksəriyyəti bütün günü çayxanalarda ömür sürənlər, tüfeylilər və reket jurnalistlər olmasıdır. E.Quliyev bu şəxsləri “ziyalı” kimi təqdim edir. Əslində təəccüblü deyil, çünki özü nədirsə, ətrafı da o olacaq. Ziyasız Eldənizin işığına yığışanlar təbii ki, belələri olmalı idi.

Elmar Heydərli Demokrat.az

NE
Nihadə Eyyubova