“Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionumuzda fəaliyyəti mövcud reallıqlara uyğun olaraq köklü şəkildə dəyişilməlidir.
Bu sözləri açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
O bildirib ki, bu yaxınlarda aşkar olunan qaçaqmalçılıq faktı, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin indiyədək Azərbaycan ərazisində bəzi fəaliyyətləri də ciddi araşdırılmalıdır.
Prezident İlham Əliyev Euronews kanalına verdiyi müsahibədə də qeyd etmişdir ki, Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etsə də, əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar.
Lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik”.
Ramil İskəndərli bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin əsas istiqaməti 1949-cu il Cenevrə Konvensiyaları ilə BQXK-ya həvalə olunan mandatla tənzimlənir və humanitar xarakter daşıyır. BQXK əsasən əsir və girovlara, itkin düşmüş şəxslərin ailələri ilə işləyir və digər humanitar dəstək və maarifləndirmə proqramları həyata keçirməkdədir.
Ermənistan ilə dövlət sərhədində Laçın buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.
Aprelin 23-dən sərhəd-keçid məntəqəsi qurulan vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.
Lakin BQXK tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə humanitar dsətək üçün “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması və bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiyası yolverilməzdir.
İlham Əliyev həmçinin BQXK-nın Qarabağdakı ofisinin fəaliyyətinin statusuna da toxunaraq, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabe olduğunu və bunun yolverilməzliyini qeyd etmişdir.
QHT sədri həmçinin onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında 1996-cı il iyulun 29-da Bakı şəhərində imzalanmışdır. Sazişə əsasən BQXK nümayəndəliyi məhz Bakı şəhərində fəaliyyət göstərir.
Bir hüquqşünas olaraq mənə maraqlıdır ki, Komitənin, ümumiyyətlə, Xankəndidəki ofisinin mühairəbədən sonrakı fəaliyyəti necə həyata keçirilir? Niyə bu ofis hələ də, 44 günlük müharibənin nəticələrini və post-koflikt dövrünün reallıqlarını nəzərə almır?
Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi yalnız və yalnız Azərbaycan nümayəndəliyinin üzərindən bu işləri koordinasiya edib fəaliyyət göstərə bilərlər. Lakin BQXK-nın məhz Azərbaycan vətəndaşlarına nəzərən öz mandatının həyata keçirilməsində, yumşaq desək, qüsürlar bununla bitmir. Naxçıvan istiqamətində yolu azaraq Ermənistan tərəfə keçən Azərbaycan hərbçilərinə də, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən lazımi humanitar və hüquqi dəstək verilməyib.
Ramil İskəndərli qeyd edir ki, “1-ci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın itkin düşən şəxslər qeydə alınıb. Lakin BQXK bu şəxslərin taleyinə aydınlıq gətirilməsi bağlı hansı nəticə yönümlü iş görmüşdür? 44 günlük müharibədən sonra bir çox kütləvi məızarlıqlar tapılsa da, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı mühüm əhəmiyyət daşıya biləcək olan digər kütləvi məzarlıqlar xəritəsinin Ermənistandan alınmasına BQXK səy göstəribmi?” –deyə Ramil İskəndərli öz narahatçılığını bildirir.
Sonda QHT sədri iddia edir ki, BQXK-nın regionumuzda fəaliyyəti həm məzmun, həm də təşkilatı baxımdan mövcud reallıqlara uyğun olaraq köklü şəkildə dəyişilməlidir.
Demokrat.az


