Kriminal Özəl

Penitensiar Xidmətin sabiq işçisinə qarşı dələduzluq edildi — TƏFƏRRÜAT

Penitensiar Xidmətin sabiq işçisinə qarşı dələduzluq edildi — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1984-cü il təvəllüdlü Elşən təqaüd düzəltmək adı ilə tanışı Mobilə qarşı dələduzluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşən aldatma və etibardan sui-istifadə etmə yolu ilə gəlir əldə etmək qərarına gəlib. O, bu məqsədlə tanışı Mobilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilmiş təqaüdünü bərpə edəcəyini vəd verib.

Elşən Mobildən 2022-ci ilin mayında Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində “Abşeron” Sanatoriyasının qarşısında 3000 manat, 2022-ci ilin mayında Mərdəkan qəsəbəsi ərazisində 4000 manat alıb.

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2022-ci ilin mayında Mobil ona özünün əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən aldığı təqaüdün 2020-ci il tarixdə kəsildiyini deyib, təqaüdün bərpa olunmasında ondan köməklik istəyib: “Mən 7000 manat pulun müqabilində bu məsələni həll edəcəyimi vəd etdim. Mobil razılaşaraq 2022-ci ilin may ayında Mərdəkan qəsəbəsində “Abşeron” sonatoriyasının qarşısında mənə 3000 manat, bir neçə gündən sonra isə Mərdəkan qəsəbəsində 4000 manat verdi. Sonra Mobilin təqaüdünü düzəldə bilmədim. Maddi ehtiyaclarım yarandığına görə həmin pulu sahibinə qaytarmadan özümün ehtiyaclarıma xərclədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, törətdiyi bu əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyib və onunla barışıb: “Hazırda zərərçəkmiş şəxsin məndən heç bir şikayəti və ya tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 7000 manat məbləğində ziyanın 25 faizi miqdarında (1750 (min yeddi yüz əlli) manat) dövlət büdcəsinə ödəniş etmişəm”.

İş üzrə zərərçəkmiş Mobilin sözlərinə görə, Elşən ilə 6-7 ay davam edən tanışlıqdan sonra növbəti dəfə görüşərkən ona 7 il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında baş nəzarətçi vəzifəsində işlədiyini, 2013-cü ildə qara ciyərində “Hepatit C” diaqnozu aşkarlandığına görə təqaüdə çıxdığını və 2013-cü ildən 2020-ci il tarixə kimi hər ay 380 manat məbləğində təqaüd aldığını, 2020-ci ildə isə verilən təqaüd kəsildiyini, 2-ci qrup əlillik təyin edildiyini bildirib: “Elşən mənim təqaüdümü bərpa etməklə bağlı köməklik edəcəyini vəd etdi. Bunun müqabilində məndən 7000 manat istədi. Mən də razılaşdım. Əvvəlcə 3000 manat düzəldərək “Abşeron” Sanatoriyasının qarşısında, bir həftə sonra 4000 manatı Mərdəkan qəsəbəsi ərazisində Elşənə verdim. Beləliklə də Elşənə 2 dəfəyə cəmi 7000 manat verdim. Elşən mənə 15-20 gün müddətində təqaüdümün bərpa olunacağını vəd etsə də, xeyli müddət keçməsinə baxmayaraq təqaüd məsələsinin həll edilmədiyini və aldadıldığımı başa düşdüm. Elşəndən pulumu tələb etməyə başladım. Lakin Elşən hər dəfə müxtəlif bəhanələr gətirərək pulumu qaytarmadı”.

Zərərçəkmiş bildirib ki, hazırda Elşən ona vurduğu maddi ziyanı tamamilə ödəyib: “Buna görə də onun ondan heç bir şikayətim və ya digər tələbim yoxdur”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, dəymiş maddi ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödənilməsi nəzərə alınıb.

Bu səbəbdən Elşənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova