Gəncə şəhərində 1980-ci il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Ülkərə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Aydın Məmmədov küçəsindəki evlərdən birində baş verib.
Vüqar yaşadığı evdə arvadı Ülkərlə ailə daxili münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Ülkərin başından və bədəninin müxtəlif yerlərindən əl zərbələri ilə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ülkər ilə 5 ildir ailə həyatı qurub: “Həmin nikahdan 2 yaşlı qızım var. Təxminən hadisədən 3 ay əvvəl həyat yoldaşımın telefonunda tanımadığım şəxslə olan yazışmanı gördüm. Sonra yoldaşım ilə münasibətlərimiz pozuldu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 19.30-da evə gələrkən həmin söhbət yadına düşdüyündən həyat yoldaşının qol nahiyəsindən bir-iki zərbə, sonra isə ayaq nahiyəsinə təpiklə vurub:
“Ülkər 2 yaşlı uşağımız ilə mənə xəbər vermədən anasının evinə getdi. Dəfələrlə zəng etsəm də, geri qayıtmadı. Mübahisə zamanı evdə 2 yaşlı uşağımdan başqa heç kim olmayıb”.
İş üzrə zərərçəkmiş Ülkərin sözlərinə görə, Vüqar ilə ailə qurandan bir neçə ay sonra onu tez- tez döyüb:
“Vüqar həm də spirtli içkiyə meyillidir. Təxminən hadisədən 2 ay əvvəl mobil telefonuma tanımadığım bir şəxsdən zəng gəldi. Lakin həmin nömrə ilə danışmadım.Ancaq Vüqar mənim adımdan həmin nömrəyə yazı yazdı. Həmin söhbətdən sonra aramızda bir az inciklik qaldı”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 19.30-da Vüqar yenə evə sərxoş vəziyyətdə gəlib:
“Evə girən kimi mənim və anamın ünvanına nalayiq ifadələr işlətdi. Vüqara cavab olaraq bir kəlmə dedim ki, bəsdir, nəyə görə mənim və anamın ünvanına nalayiq ifadələr işlədirsən, onun heç bir günahı yoxdur. Həmin vaxt Vüqar əsəbləşdi. Məni əl və təpik zərbələri ilə vurmağa başladı. Mənim sol qoluma, sol ayaq və bud nahiyəmə xəsarətlər yetirdi. Mən də məcbur qalaraq 2 yaşlı uşağı da götürdüm və evdən çıxdım. Həmin vaxtdan da anamın evində qalıram”.
Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Vüqar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerini saat 22.00-dan saat 08.00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunub.
Fariz Məlikli Demokrat.az


