Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi brifinqdə Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığının azaldığını bildirib. Avropa və ABŞ-ın bu məsələdə daha fəal olduğunu vurğulayan Paşinyan Qərbin prosesə verdiyi töhfəni yüksək qiymətləndirib.
Ermənistan Baş nazirinin bu açıqlamasına münasibət bildirən politoloq Qabil Hüseynlinin fikrincə Rusiyanın fəallığının azalmasından çox mövqeyinin kiçilməsini və proseslərə yanaşmada qeyri-obyektivliyini ön plana çəkmək lazımdır.
O, Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya bölgədə yerləşdirdiyi sülhməramlıların varlığını fəallıq hesab edə bilər, amma sülh prosesində bunlar heç bir rol oynamır və hər iki tərəfi də narazı salır:
“Rusiya bu məsələdə səmimi deyil. Onun sülh prosesində çərçivə prinsipləri ilə bağlı yanaşması qeyri-obyektivdir. Rusiya iki dövlət, xalq arasında möhkəm, dayanıqlı sülh yaratmaq əvəzinə, sırf neo imperialist maraqlardan çıxış edir. Bu yanaşma çox təhlükəlidir, istənilən vaxt tərəfləri qarşıdurmaya çəkəcək, isti müharibə yarada biləcək tez partlayan minaların bölgədə qorunub saxlanılmasına xidmət edir”.
Politoloq qeyd edib ki, bu mənada Ermənistanın Baş naziri haqlıdır. Qərb proseslərə daha obyektiv yanaşmaqla möhkəm zəmin yaratmaq istəyir:
“Bu paralellik nəyə lazımdır?! Nə üçün iki Cənubi Qafqaz Respublikası arasında sülh yaratmaq prosesində Rusiya öz strateji maraqlarını, neo imperialist istəklərini reallaşdırmaqçün poliqon axtarsın?!
Bu zaman da öz maraqlarını hər şeydən önə qoysun. Bu nöqteyi-nəzərdən Rusiyanın yanaşması ədalətsizdir. O, bölgədə qolu zorlu, orta əsr ədası ilə hərəkət edir. Zənnimcə Brüsselin ardınca Moskvada görüşlərin keçirilməsinin bir nəticəsi olmayacaq. Bu, əksinə, arabanın beşinci təkəri kimi proseslərin irəliləməsinə mane olur”.
Törə Zeynallı Demokrat.az


