Qana Rusiya ilə birgə tibbi marixuananın becərilməsi və istehsalı ilə məşğul olmaq istəyir.
Demokrat.az xəbər verir ki, bu barədə ölkə parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Samuel Okudzeto Ablaqua bildirib.
Onun sözlərinə görə, ötən həftə Qana hakimiyyəti marixuananı əczaçılıq məqsədləri üçün qanuniləşdirib.
“Biz görürük ki, bu bazar çox böyük potensiala malikdir və Rusiya buna daxil ola bilər”, – o, Rusiya Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katırinə deyib.
Cavabında Katırin marixuana üzrə mütəxəssis olmadığını, lakin bu məlumatı rus əczaçılarına çatdıracağını bildirib.
Ablaqua əlavə edib ki, əməkdaşlıq üçün digər prioritet istiqamətlər yataqların işlənməsi və qızılın hasilatıdır. O, Rusiyaya hasilatı qurmağı və bərabər tərəfdaşlıq əsasında ticarəti inkişaf etdirməyi təklif edib.
Rusiyada marixuananın psixotrop təsiri olmayan yalnız texniki sortları yetişdirilir. Bu cür məhsullar hazırda təxminən 13 min hektar ərazini tutur.
Rusiyada marixuananın özü qadağan olunmuş maddələrin I siyahısına daxildir. Prezident Vladimir Putinin imzaladığı 2030-cu ilə qədər dövlətin narkotiklərlə mübarizə siyasəti strategiyasına əsasən, onun digər ölkələrdə leqallaşdırılması ölkənin milli təhlükəsizliyinə təhdiddir.
Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski tibbi marixuananın leqallaşdırılmasına tərəfdar olduğunu deyib. O qeyd edib ki, Rusiya ilə müharibə zamanı vətəndaşların ağrı, stress və travmadan sağ çıxması üçün ölkə ərazisində “kannabis” istehsal edilməlidir.//Azpost.info


