Gündəm

Prezidentin yeni xüsusi nümayəndəsi Elçin Əmirbəyov kimdir? — DOSYE

Prezidentin yeni xüsusi nümayəndəsi Elçin Əmirbəyov kimdir? — DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov vəzifəsindən azad edilib. İmzalanan digər sərəncamla E.Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Demokrat.az E.Əmirbəyovla bağlı məlumatları təqdim edir:

Elçin Oktyabr oğlu Əmirbəyov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhərinin 164 nömrəli orta təhsil məktəbini qızıl medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

İlk əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində referent-tərcüməçi qismində başlamışdır.

1992–1993-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin attaşesi və daha sonra üçüncü katibi vəzifələrində çalışmışdır. 1993-cü ildə o, Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsilini almışdır. Daha sonra 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçmişdir.

1995–1997-ci illərdə o, Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərmişdir.

İlk uzunmüddətli xarici ezamiyyətdən Xarici İşlər Nazirliyinə geri döndükdən sonra o, ardıcıl olaraq 1998-ci ildə Beynəlxalq təşkilatlar İdarəsində birinci katib vəzifəsində, 1999-cu ildə həmin İdarənin Regional və beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

2000-ci ildə o, ABŞ-də Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində (John F. Kennedy School of Government) beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirmişdir.

2001–2003-cü illərdə Brüsseldə (Belçika Krallığı) Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışmışdır.

2003–2004-cü illərdə Nyu-Yorkda (ABŞ) Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir olaraq çalışmışdır.

2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərmiş, 2005–2010-cu illərdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra etmişdir.

Cenevrədə çalışdığı zaman o, 2008–2009 illərdə BMT-nin İnsan Hüquqları Şurasının Vitse-prezidenti və eyni zamanda məruzəçi qismində fəaliyyət göstərmişdir. O, həmçinin 2007-ci ildə BMT-nin Cenevrədəki Ofisində İslam Əməkdaşlıq Təşkilatının (IKT) üzv-dövlətlərinin səfirlər qrupuna bir il ərzində sədrlik etmişdir. Bundan əlavə, 2008-ci ildə səfir Elçin Əmirbəyov BMT-nin Cenevrədəki Ofisində Şərqi Avropa regional qrupuna daxil olan üzv-dövlətlərinin səfirlər qrupuna sədrlik etmişdir.

Bununla yanaşı, 2005–2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri qismində çalışmışdır. Vatikanda çalışdığı zaman 2008-ci ildə Roma Papası Onaltıncı Benedikt (Pope Benedict XVİ) tərəfindən Müqəddəs Gregori ordeni ilə təltif edilmişdir (https://en.wikipedia.org/wiki/Order_of_St._Gregory_the_Great).

Həmçinin, o, 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra etmişdir.

E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında və eyni zamanda, Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmişdir.

Elçin Əmirbəyov fövqəladə və səlahiyyətli səfir diplomatik ranqına malikdir (2004).

24 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifələrini icra edir.

Dövlət qulluğunda birinci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi vardır (2023).

İngilis, fransız və rus dillərini bilir.

Evlidir, iki övladın atasıdır.

D
demokrat.az