Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” Sərəncam imzalayıb.
Demokrat.az xəbər verir ki, Sərəncama əsasən, ölkədə inflyasiyanın iqtisadi artımçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
İşçi qrupda İqtisadiyyat, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika, Səhiyyə, Maliyyə Nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı təmsil olunacaq.

İqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bir sıra hallarda bu kimi monitorinq və işçi qruplarının əslində hər hansı ciddi uğurun əldə edilməsinə xidmət etmədiyi müşahidə edilir:
“Bu məsələlərə daimi nəzarət və kompleks yanaşma ortaya qoyulması üçün bütün qurumların cəlb olunduğu komissiya və işçi qruplar yaratmaq lazımdır. Proses bu şəkildə təşkil olunmalıdır. Zaman keçdikcə bu platformaların işinə necə yanaşmasından asılı olaraq vəziyyət dəyişə bilir.
Monitorinq aparılmaldır, əlbəttə. Hansı istiqamətlərdə problemlər daha çoxdur, inflyasiya daha çox hansı səbəblərdən qaynaqlanır, hansı məhsul növləri və xidmət seqmentlərində – bütün bunlar araşdırılmalıdır”.
Ekspert qeyd edib ki, səbəblərin aydınlaşdırılması ilə bağlı tədbirlər görülməli və aradan qaldırılması ilə əlaqədar həm komissiya daxilindəki, həm də orada təmsil olunmayan qurumlarla birlikdə bir yol xəritəsi hazırlanmalıdır: “Tədbirlər bu istiqamətdə görülməlidir. Dediyim kimi, bütün bu proseslər komissiyada təmsil olunan qurumların öz işini ləyaqətlə yerinə yetirməsindən asılı olacaq”.
Törə Zeynallı Demokrat.az


