“Sənaye təyinatlı ərazilərdə qazlaşdırılmaya icazə verilmir. Vətəndaşlardan xahiş edirik ki, bu məsələni xüsusi diqqətdə saxlasınlar”.
Demokrat.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
O qeyd edib ki, bu barədə vətəndaşlara bir neçə dəfə maarifləndirici məlumatlar verilsə də müraciətlər daxil olmağa davam edir.
“Belə müraciətlər əsasən Abşeron yarımadası, müəyyən qədər Sumqayıt, az sayda isə Gəncə şəhərində sənaye təyinatlı ərazilərdə inşa olunmuş fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlıdır. Sənaye təyinatlı torpaqlarda, o cümlədən neft hasilatı olan ərazilərdə yeni inşa edilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasına icazə verilmir”.
T.Cəfərov bildirib ki, həmin ərazilərin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxılır. Qeyd edilən kateqoriyalar ərazi məntəqələri hesab olunarsa, həmin yerlərdə qazlaşdırma məsələsinə baxıla bilər.
Törə Zeynallı Demokrat.az


