Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin iclasında yekun olaraq imzalanan 33 bəndlik Bakı Bəyannaməsi ilə təşkilat bir daha BMT Nizamnaməsinin məqsədləri, prinsipləri və müddəalarına sadiq olduğunu vurğuladı.
Bəyannamədə dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri rəhbər tutularaq dövlətlərin üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməsi təşviq edilib, dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə, ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunmasına dəstək ifadə olunub.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın artıq 3-cü dəfədir ki, təşkilata sədrlik etdiyi dövr ərzində müəyyən təşəbbüslər irəli sürülüb və bu istiqamətdə inkişafa nail olunub.
Qoşulmama Hərəkatının dünyada böyük nüfuza malik beynəlxalq təşkilatlardan biri olduğunu qeyd edən politoloq deyib ki, Azərbaycanın sədrlik etdiyi dövrə qədər təşkilatın fəaliyyəti bəzi məqamlarda pik vəziyyətdə olub, passivlik hökm sürüb. Bu günsə vəziyyət fərqlidir:
“Təşkilati baxımdan yeni qurumlar yaranır. Ümumi bir mövqe formalaşıb ki, Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasında təmsil olunması nəzərdə tutulacaq. Prezident də çıxışında BMT TŞ-də Qoşulmama Hərəkatına daimi yer verilməsinin vacibliyinə diqqəti çəkdi. Bu da Azərbaycanın sədrlik etdiyi dövrdə irəli sürülən təşəbbüslərdən biridir. Təşkilata üzv dövlətlərin təhlükəsizliyi, sülhün və sabitliyin təmin olunması ilə bağlı Bakı bəyannaməsində göstərilən müddəalar dünyaya bir mesajdır”.
Tofiq Zülfüqarov qeyd edib ki, dünyada bir çox prinsiplərin pozulduğu bir vaxtda Bəyannamədə ifadə olunan ümumi mövqe əhəmiyyət kəsb edir:
“Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə yüksək diplomatik fəallıq nümayiş etdirir. O cümlədən Fransa ilə bağlı, onun neokolonial siyasəti ilə bağlı praktik işlərin görülməsi və çıxışlar zamanı vurğulanan digər vacib məqamlar onu göstərir ki, Qoşulma hərəkatının fəallığı və nüfuzu artıb. Düşünürəm ki, Azərbayan da bundan lazımi şəkildə isifadə edir”.
Törə Zeynallı Demokrat.az


