“İran xarici işlər nazirinin Cənubi Qafqazda sülhü dəstəkləməsilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış iranşünas-politoloq Sədrəddin Soltan deyib.
İran XİN rəhbərinin bəyanatlarına münasibət bildirən politoloqun fikrincə, Hüseyn Əmir Abdullahianın diplomatik əlaqələrin bərpası barədə nikbinlik saçan sözləri təmsil etdiyi dövlətin faktiki əməllərilə üst-üstə düşmür.
S.Soltan qeyd edib ki, Azərbaycan tərəfinin diplomatik əlaqələri bərpa etməsi üçün ilk növbədə yanvarın 27-də Tehrandakı səfirliyimizə hücumun terror aktı kimi dəyərləndirilməsi şərtdir: “Azərbaycanın haqlı mövqeyinə baxmayaraq, İran tərəfi bunu məişət cinayəti adlandırıb. Abdullahian cinayətkarın sərt şəkildə cəzalandırılacağını desə də əməlin terror aktı olduğunu qeyd etməyib.
Azərbaycan dövləti İrandakı diplomatik korpusun təhlükəsizliyinin təmin olunmasını tələb edir. İransa bu barədə hər hansı rəsmi açıqlama verməyib. Ona görə də hələlik diplomatik əlaqələrin yaxın vaxtlarda səfirliklər səviyyəsində bərpa olunmasından danışmaq tezdir. Amma bu istiqamətdə danışıqlar getdi və İran tərəfinin tələblərə əməl etmədən canfəşanlıq etdiyini gördük. Cənub qonşumuz bununla özünü xoşməramlı, mehriban göstərməyə çalışır. Halbuki, əməlləri buna ziddir”.
S.Soltanın sözlərinə görə, İran 10 noyabr bəyanatından sonra Ermənistan vasitəsilə Azərbaycana təzyiqləri davam etdirməkdədir:
“Məsələn, Qafan yolundakı Azərbaycan ərazisindən qanunsuz istifadə edilməsi buna misaldır. Qarabağ iqtisadi rayonuna 13 və 17 nəfərlik iki terrorçu dəstə göndərməsi də bunu təsdiqləyir. İran dövləti indiyə qədər bu məsələyə münasibət bildirməyib. Onların yük maşınlarının Qarabağa qanunsuz səfərləri də bu qəbildəndir.
Sərhədlər müəyyənləşmədən İranın Qafan şəhərində tez-tələsik baş konsulluq açması da sübut edir ki, o, Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Digər tərəfdən Zəngəzur dəhlizilə bağlı İranın barışmaz mövqeyi regionda sülhə və əməkdaşlığa mane olan başlıca amillərdəndir”.
Törə Zeynallı Demokrat.az


