Arzuolunmaz hamiləlik qadınlar üçün istənməyən bir haldır. Bu nə qədər xoşagəlməz olsa da, onu özbaşına sonlandırmaq daha ağır nəticələrə gətirib çıxara bilər.
Ölkəmizdə abort hamiləliyin müəyyən dövrünə qədər qanuni olsa da, bəziləri tibb müəssisəsinə getmədən bunu rəfiqələrindən, ətraflarından, internetdən və digər etibarlı sayılmayacaq mənbələrdən aldıqları düzgün olmayan məlumatlar əsasında sonlandırmağa çalışır.
Abort üçün dərman vasitələrinə əl atmaq qadınlar arasında geniş yayılıb. Lakin başa düşmək lazımdır ki, həkim göstərişi olmadan içilən hər hansı bir preparat tək doğulmamış körpənin deyil, qadının öz həyatına da son qoya bilər.
İstənməyən hamiləliyin qarşısını almaq barədə danışan ginekoloq Rəşad Sultan Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda arzuolunmaz hamiləliyin sonlandırılmasına 12-ci həftəyə qədər qanunla icazə verilir:
“Bəzi ölkələrdə, eləcə də ABŞ-nin bəzi ştatlarında bu, qadağandır”.
O deyib ki, bu prosesdə mütləq həkim göstərişi olmalıdır:
“Belə bir qanuni icazənin məqsədi odur ki, insanlar bunu tibb müəssisələrində etsinlər. Çünki, dövlət bunu qadağan etsə, həmin şəxslər abortu digər ziyanlı üsullarla başqa yerlərdə onsuz da etdirəcəklər.
Bilirik ki, hamiləliyi sonlandırmaq etik baxımdan yaxşı bir şey deyil. Bəzi şəxslər qanun icazə verdiyi halda, bu xidmət əlçatan olduğu halda və tibb müəssisələrində qiymətlər münasib olsa da, sanki tənbəllik edirlər, abortu evdə etməyə cəhd edirlər”.
Ginekoloq qeyd edib ki, uşaq sahibi olmaq istəməyənlər hamiləlikdən qorunmalıdır, nəinki sonradan onu sonlandırma məcburiyyətində qalmaq:
“Ümumiyyətlə, yaxşı olar ki, arzuolunmaz hamiləlik baş verməsin. Əgər qadın hamilə qalıbsa və onu sonlandırmaq istəyirsə, həkimlər bunu dərmanla da edə bilər, cərrahi müdaxiləylə də. Mən bir ginekoloq kimi, düzü, bunu əməliyyatla etməyin tərəfdarıyam. Qısa müddətlə daha az risklə başa çatır. Dərmanla edilməsi də tibbdə mövcud olan bir üsuldur. Hər iki halda tibb müəssisəsində həkim nəzarətilə edilməlidir”.
R.Sultan onu da vurğulayıb ki, hamiləlik dövründə müayinələr vacibdir. Belə ki, hər hansı fəsad, risk varsa, bu yalnız ultrasəs müayinəsi zamanı məlum ola bilər:
“Həkim də ehtiyac olarsa, vəziyyətə müdaxilə edir, qarşısını alır. Evdə özbaşına hər hansı üsullularla abort etmək təhlükəlidir. Ciddi ağırlaşmalar ola bilər. “Qonşudan filan dərmanı eşitdim, aldım...” Bu, düzgün deyil. Bir çox halda görürük ki, qadınlar menstruasiya gecikməsi zamanı hamiləlik testi alıb yoxlayırlar. Müsbət çıxan kimi də həkimə müraciət etmədən dərman alıb içirlər. Bu, olduqca risklidir. Hələ bilmirik, hamiləlik haradadır, borudadır, yoxsa uşaqlıq daxilində, böyükdür, balacadır, ya gecikmənin səbəbi doğrudan da hamiləlikdir, yoxsa başqa bir səbəb var. Öz sağlamlığına bu qədər etinasız yanaşmaq faciə ilə nəticələnə bilər”.
Törə Zeynallı Demokrat.az


