"Ötən gecə baş verən zəlzələ ilə bağlı saxta xəbərlərin bəzi KİV-lərə və sosial şəbəkələrin Azərbaycan seqmentinə yol tapması ilk növbədə hadisənin gecə saatlarında qeydə alınması ilə bağlıdır. Təəssüf ki, iş vaxtı çoxdan başa çatdığı üçün əlaqədar dövlət qurumları cəmiyyəti operativ məlumatlandıra bilmədilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, rəsmi məlumat gecikdiyi üçün bəzi məsuliyyətsiz adamlar feyk xəbərlərlə insanları çaşdıra bildilər:
"Mən bu mənfi tendensiyanı daha çox sosial şəbəkələrdə müşahidə etdim. Ciddi mətbuatın zəlzələ ətrafında şou yaratmasının, yaxud bu təbiət hadisəsindən İP qazanmasının şahidi olmadım. Gecə baş verən zəlzələ zamanı mediamız kifayət qədər məsuliyyətli davrandı. Sadəcə, xəbər verməli olan adamlar həmin vaxt yuxuda olduqları üçün informasiya qıtlığı yaşandı.
Bu hadisə bir daha göstərdi ki, ölkədə bir çox dövlət qurumu ekstremal situasiyalara hazır deyil. Gəlin, bu dəfə günahı KİV-də yox, rəsmi instansiyalarda axtaraq. Onların qeyri-operativliyi şayiələrin ortaya çıxmasına rəvac verdi".
Tahir Demokrat.az


