Gündəm

Ehtiyac duyulmadığı halda yaşlı qadının üzünə qaz sıxılır və diqqətlər Arazdəyəndən Söyüdlüyə yönəlir

Ehtiyac duyulmadığı halda yaşlı qadının üzünə qaz sıxılır və diqqətlər Arazdəyəndən Söyüdlüyə yönəlir

İndiki məqamda xalq və dövlət olaraq bütün diqqətimiz məhz birinci fotoşəkildəki yeni reallığa - Ermənistanın Arazdəyəndə (sərhədlərimizin lap yaxınlığında) zəhərli metallurgiya zavodu açması və orada ABŞ-ın bayrağını sancması təxribatına fokuslanmalı ikən, polisin yaşlı qadına qarşı amansız rəftarı hamımızın diqqətini dünən Gədəbəyin Söyüdlü kəndində çəkilmiş ikinci fotoşəkildəki xoşagəlməz olaya yönəltdi.

Heç şübhəsiz ki, o polis cəzalandırılmalı, o Anadan üzr istənilməli və Söyüdlüdəki vəziyyət də həm yerli sakinləri, həm də dövləti qane edəcək bir şəkildə yoluna qoyulmalıdır.

Hazırkı həssas və kritik məqamda - Ermənistana və Xankəndidəki separatçılara havadarlıq edən, əl-ələ verib üzərimizə gələn xarici güclərin xain planlarına qarşı səylərimizi birləşdirməli olduğumuz bir vaxtda polislər və məmurlar isə bu cür zorakılıqlara yol verməməli, bizi haqlı ikən haqsız duruma salmamalı, Azərbaycanın imicinə zərbə vurmamalıdırlar.

Bu saat İrandan tutmuş Rusiyasına, Fransasına, ABŞ-na qədər hamısı marağındadır ki, bizim başımız daxildə özümüzə qarışsın. Çünki belədə Azərbaycana qarşı məkrli planları həyata keçirmək onlar üçün daha asan ola bilər.

Arazdəyəndə metallurgiya zavodunun açılması da həmin planlardan biridir. Amerika bayrağını da ordan elə-belə asmayıblar.

Baxın, hətta Zəngəzurdan ötrü özünü cıran, "qırmızı xəttimizdir" deyib car çəkən İran da öz qulağının lap dibində ABŞ bayrağının dalğalanmasına hiyləgərcəsinə göz yumur və buna görə nə ABŞ-a, nədəki Ermənistana nota vermir.

Biz bunun "niyə"si barədə düşünməliykən, düşmənlərimizin planlarını deşifrə etməliykən, dəbilqəli-qalxanlı polislərimizdən biri ehtiyac duyulmadığı halda yaşlı qadının üzünə qaz sıxır, diqqətləri Arazdəyəndən Söyüdlüyə yönəldir.

Çox təəssüf.

Bəybala Mirzəyev

D
demokrat.az