"Sərhəddə yaşanan gərginliyin bir neçə səbəbləri var. Birincisi, artıq ermənilərin sülh müqaviləsinin bağlanmasından qaçma, manipulyasiya etmə kimi imkanları getdikcə daralır. Digər səbəb və yaxud hədəf isə KTMT-nin bu regiona cəlb etmək istəyidir. Yəni, Ermənistan beynəlxalq qurumların diqqətinin bu regiona cəlb etməyə çalışır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib.
Hərbi ekspert bildirib ki, regionda vəziyyətin gərginləşməsində maraqlı olan bir çox qüvvələr var:
"Avropanın missiyasının regiona göndərilməsi və missiyanın sayının getdikcə çoxalması Fransanın burada maraqlarının olduğunu göstərir.
Ümumiyyətlə, regionda sülhə mane olmaq istəyən qüvvələr həm Ermənistanın daxilində, həm də kənarındadır. Əlbəttə, bu gün geosiyasi arenada Rusiyaya qarşı olan qüvvələrin maraqlarının bu regionda toqquşması da vəziyyətin gərginləşdırir. Onlar Azərbaycan-Ermənistan münasibətlərində öz xeyirinə istifadə etməklə, bu fonda Rusiyanı bu regiondan sıxışdırıb çıxartmağa çalışırlar. Azərbaycanın daxilində Rusiyanın sülhməramlı qüvvələrin yerləşdiyi ərazidə və Qarabağ iqtisadi zonasında atəşkəsin pozulması məhz qanunsuz silahlıların tərksilah edilmə müddətinin uzadılmasıdır.
Əlbəttə, bu fonda Rusiyanın da marağı görünür. Ona görə ki Rusiya Azərbaycan ərazisində öz missiyasını uzatmaq niyyətindədir. Uzatmağın da yolu həmin ərazilərdə vəziyyətin gərginləşməsidir”.
Polkovnik qeyd edib ki, erməni təxribatlarının coğrafiyası genişlənməkdədir:
“ABŞ və Moskva kimi bir neçə platformalarda danışıqların aparılması böyük dövlətlərin Ermənistanı sülhə məcbur etməsində və bu regionda öz maraqlarının olmasında istəklərinin olduğunu bir daha göstərir. Böyük dövlətlərinin maraqlarının olmasına səbəb regionun inkişafı, regionda olan investisiyaların logistik və enerji kəmərlərinin çevrilməsidir.
Hesab edirəm ki, Ərdoğanın Bakıya gəlməsi Ermənistan və Azərbaycan arasında sülhü sürətləndirəcək. Çünki sonuncu görüşdə regionda qarşıya qoyulan hədəflər bir daha müəyyənləşdirildi. Bu hədəflər içərisində Zəngəzur dəhlizi məsələsinin həlli, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması yer aldı. Bu görüşdən belə bir nəticə çıxartmaq olar ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması gerçəkləşəcək. Belə olan halda buna qarşı olan qüvvələr təbii ki aktivləşir və təxribatlar törədirlər”.
Şəhanə Demokrat.az


