Dünya

Aleks atası Corc Sorosun yerinə keçdi

Aleks atası Corc Sorosun yerinə keçdi

Corc Sorosun oğlu Aleks insan haqları, təhsil və demokratik cəmiyyətlərin qurulması sahəsində proqramlara ildə təxminən 1,5 milyard dollar ayıran Açıq Cəmiyyət Fondunun (OSF) rəhbəri vəzifəsində atasının yerinə keçib.

Demokrat.az xəbər verir ki, 37 yaşlı Aleks ötən ilin dekabrında 92 yaşlı atasının yerinə OSF-nin direktorlar şurasının sədri seçilib. Bundan başqa, o, Sorosun 25 milyard dollarlıq sərvətini idarə edən “Soros Fund Management”in investisiya komitəsində ailənin yeganə nümayəndəsidir.

“The Wall Street Journal”a müsahibəsində Aleks Soros atasının liberal məqsədlərinə əməl etməyə davam edəcəyini, həm də yanaşmasını genişləndirəcəyini bildirib. O, səsvermə hüququ və abort hüququ, həmçinin gender bərabərliyi uğrunda mübarizəyə kömək etmək fikrindədir.

Aleks Soros sol-mərkəzçi mövqe tutur. O, bu yaxınlarda prezident Co Bayden administrasiyasının nümayəndələri, Senat çoxluğunun lideri Çak Şumer, həmçinin Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb.

Aleks Soros Donald Trampın Ağ Evə qayıtmasından narahatdır və Soros Fondunun qarşıdan gələn prezidentlik yarışında maliyyə baxımdan əhəmiyyətli rol oynaya biləcəyinə işarə edib.

D
demokrat.az