“"Azərlotereya"nın dövlət büdcəsinə böyük məbləğdə vergi ödəməsi çox müsbət haldır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
İqtisadçı bildirib ki, bu, bazarda müəyyən qədər şəffaflığın, vətəndaşlar tərəfindən əldə olunan gəlirlərin legitimliyinin təmin edilməsi, hüquqi əsaslarının yaradılması baxımından əhəmiyyətlidir:
"Eyni zamanda Azərbaycanda çox az sayda şirkətlər dövlət büdcəsinə bu qədər vergi ödəyir.
Azərlotereya"nın ödədiyi vergi məbləği isə bir çox hallarda dövlət müəssisələrin ödədiyi vergilərlə müqayisədə daha çoxdur. Yəni, bu qeyri-neft mənbələri hesabına büdcə daxil olmalarında pozitiv meyilli bir dinamikadır".
Xatırladaq ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2022-ci il üzrə maliyyə hesabatını təqdim edib.
2022-ci ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 487 faiz artaraq 258,2 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2021-ci illə müqayisədə 642 faiz artıb.
Bununla yanaşı, şirkətin ümumi mənfəəti 225 faiz artaraq 20,9 milyon manatdan 67,8 milyon manata yüksəlib, xalis mənfəəti isə 442 faiz artaraq 41,1 milyon manata çatıb.
2022-ci il ərzində şirkət 16,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 6,7 milyon manatdan 23,5 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2022-ci ilin sonu cəmi aktivləri 87,7 milyon manat təşkil edib. Şirkətin 2021-ci ilin sonunda cəmi aktivləri 31,9 milyon manat olub.
Şəhanə Demokrat.az


