“Bakı Enerji Həftəsi”nin Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf etməsi onun təsir dairəsini daha da artırdı. Çünki Azərbaycanın neft strategiyasının hazırlanmasında, tətbiq edilməsində, Azərbaycanla enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşdırılmasında Ümummilli Liderimizin xidmətləri əvəzolunmazdır. “Əsrin müqaviləsi”nin imzalanması, neft - qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan neftinin dünya bazarında şöhrətləndirilməsi məhz Ümummilli Liderimizin adı və fəaliyyəti ilə bağlıdır.
“Cənub qaz dəhlizinin” strateji əhəmiyyət daşıması, TANAP və TAP layihələrinin genişləndirilməsi Ulu Öndərimizin qoyduğu təmələ sadiqliyin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətə böyük önəm verməsinin nəticəsidir.
Azərbaycan Prezidenti Xəzər Neft Qaz Sərgisinin açılışı mərasimindəki çıxışında bir daha bildirmişdir ki, “TANAP genişlənməlidir. TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada intekkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir”.
Enerji Həftəsində 38 ölkədən 331 şirkətin iştirakı bu əlaqələrin möhkəmləndirilməsinə verilən önəmin və gələcək əməkdaşlığa imkanların yaradılmasının nümunəsidir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır və bu rol ildən - ilə genişlənir, şaxələnir.
Sərgi bunu bir daha göstərir və ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq sərgilər, tədbirlər bir daha Azərbaycanın dünyada artan nüfuzundan və respublikamıza göstərilən etimaddan, qazanılan uğurlardan xəbər verir.
Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri


