"Azərbaycan Prezidenti İlham Əliyevin Laçında separatçılara verdiyi mesaj xüsusi siyasi əhəmiyyət daşıyırdı. Bundan separatçılar mütləq şəkildə bir nəticə çıxarmalıdırlar. Amma, göründüyü kimi Prezidentin bu çıxışına da təxribatla cavab verdilər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, fortifikasiyanın qurulması da ilk növbədə kəşfiyyat xarakteri daşıyır:
"Məqsəd isə Azərbaycana tabe olmamaq, öz təxribatlarını həyata keçirməkdir.
Düşünürəm ki, Azərbaycan tərəfi konkret olaraq bütün prosesləri nəzarət altına alacaq və Prezidentin qeyd etdiyi kimi onlara layiqli cavab veriləcək.
Göründüyü kimi, onlar separatçı fəaliyyətlərindən, öz təxribatlarından geri çəkilmirlər. Bu gün də onlar atəşkəsi pozması, təxribatlara əl atması o deməkdir ki, artıq Prezidentin bu kimi mesajlarına qarşı öz mövqelərini ortaya qoyurlar. Azərbaycan da artıq anti-terror əməliyyatları həyata keçirməli, onların bu təxribatlarının qarşısı alınmalıdır. Həmçinin, Xankəndidə olan separatçılar neytrallaşdırılmalıdır.
Hesab edirəm ki, bu ilin axırına kimi bu siyasəti Azərbaycan həyata keçirəcək. Çünki Prezidentin bu çıxışı reallığı əks etdirir və sıradan bir mesaj deyildi".
Şəhanə Demokrat.az


