Şuşa, Cıdır düzü, “Xarıbülbül” festivalı...
Azərbaycanın ruhu yenidən o dağlara qayıdıb. Bunu orada, tarixi baxımından müqəddəs deyə biləcəyimiz Şuşada olmadan da hiss etmək mümkündür. Paytaxt Bakıda əyləşib, televizorun, yaxud kompyuterin qarşısına keçin, “Xarıbülbül” festivalından olan görüntüləri izləyin və o ruhu hiss edin...
Mən artıq üç ildir ki, keçirilən “Xarıbülbül” festivalın ruhunu hiss etdim, yaşadım.
Xeyr, Şuşada deyildim, buna görə təəssüf edirəm, amma informasiya savaşında baş redaktor olaraq, rəhbərlik etdiyim media resursunun üzərinə düşən işi redaksiyadan idarə etmək vəzəfəmiz də var və gündəmin sıxlığı, xüsusilə informasiya müharibəsində daim dəyişən şərtlər bunu zəruri edir. Redaksiyada Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində müvafiq materialların hazırlanması, eyni zamanda, tarixi Xarı Bülbül Festivalının əhəmiyyəti ilə bağlı redaksiya heyətinin peşəkar və operativ çalışması, festivalın əhəmiyyəti ilə bağlı hazırlanan materiallar və bu kimi səbəblər mənə o möhtəşəm görüntüləri Şuşadan izləmək imkanı vermədi, lakin festivalın ruhunu hiss etdim, yaşadım görüntüləri izləyərkən...

Cənab Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın, eləcə də festival iştirakçılarının paylaşımlarından, eyni zamanda Heydər Əliyev Fondunun səhifəsində yayımlanan foto və videolardan dəqiq anlamaq olurdu festivalın əhəmiyyətini, əzəmətini...
Həm də Şuşaya mədəniyyətin, bəşəri dəyərlərin qayıtdığını hiss edilirdi...
Əslində, bunun paytax Bakıdan da hiss edilməsi təşkilatçılığın nə qədər yüksək peşəkar səviyyədə olmasından qaynaqlanır. Heydər Əliyev Fondunun təşkilat etdiyi festival o qədər yüksək səviyyədə baş tutdu ki, orada iştirak edə bilməsəm belə, özümü Şuşada hiss edir, Şuşanı duyur, yaşayırdım...

Cıdır düzündə şənlik, çal-çağır vardı və bütün bunlar mədəniyyətin o dağlara qayıtdığının carçısıdır. Milli musiqilər səslənir, milli rəqslər edilir, peşəkar qruplara qoşulan ziyalılar “qol götürüb” oynayırdı. Görkəməli mədəniyyət xadimləri, ziyalılar, ümumiyyətlə bütün iştirakçılar sanki bir vəhdət təşkil edir, bütün insanların üzündə təbəssüm aydın sezilirdi.
Axı indi Şuşa azaddır, Cıdır düzündə toy-bayramdır. Azad elimizə mədəniyyət qayıdıb, buna necə sevinməmək olar...

Vaqifin məqbərəsi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına bərpa edilir. Şuşa şəhərinin rəsm qalereyası bərpa edilərək yenə də rəsm qalereyası kimi fəaliyyət göstərir.


Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası təmir-bərpa işlərindən sonra müasir səviyyəyə çatdırılıb. Şuşa Xalça Muzeyi bərpa edilir. Keçmiş sanatoriya yenidənqurmadan sonra “Park Otel” kimi bu il istifadəyə veriləcək və qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.
Şuşada “beş”, “dörd” və “üç” ulduzlu kiçik otellərin yaradılması nəzərdə tutulur. İstismar müddəti bitmiş “xruşşovka”larla bağlı tədbir görülür. Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub dağılmaqda olan xristian məbədlərinin bərpa edilməsini də öz üzərinə götürüb.
Bütün bu quruculuğun, dirçəlişin simvoludur “Xarıbülbül” Musiqi Festivalı. 

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı ilk dəfə 1989-cu ildə Şuşa şəhərində məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlayıb. Həmin ilin mayında Cıdır düzündə keçirilən festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib.
1990-cı ildən “Xarıbülbül” Musiqi Festivalı beynəlxalq status alıb.
1991-ci ildə keçirilən 3-cü festivalda 25 ölkədən 300-ə yaxın insan iştirak edib. İkinci və üçüncü festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.
Daha çox ölkəni və iştirakçını əhatə edəcək növbəti “Xarıbülbül” Musiqi Festivalının 1992-ci il mayın 15-də keçirilməsi planlaşdırılsa da, Ermənistanın işğalı buna imkan vermədi.
1992-ci ilin 8 mayında Şuşanın erməni vandalları tərəfindən işğal edilməsi “Xarıbülbül”ün də, mədəniyyətin də, həyatın da sonu oldu. Nə az, nə çox, düz 28 il Şuşa düşmən tapdağında qaldı, “Xarbülbül” susdu. Nəhayət, 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Şuşanı azad etdi, o torpaqları düşmən tapdağından xilas etdi. Məhz Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi “Xarıbülbül”ü yenidən həyata qaytardı.


2021-ci ilin 12 may tarixi “Xarıbülbül”ün yenidən doğulması, Şuşaya həyatın, mədəniyyətin qayıtması təqvimidir. Artıq üç ildir keçirilən “Xarıbülbül” Musiqi Festivalı Azərbaycanın ruhunun o torpaqlara qayıdışının carçısı, tarixi irsimizin yenidən yaşadılmasıdır.
İndi Cıdır düzü o qdər möhtəşəm görünür ki, Bakıdan kadrlara baxdıqca, insanın gözləri sevincdən dolur. Bunu Şuşada yaşamaq isə daha möhtəşəm olardı və əminəm ki, “Xarıbülbül” Musiqi Festivalına məhz Cıdır düzündə tamaşa edəndə daha fərqli olacaq.
Əslində, hər şey yuxu kimi də gəlir. Axı 3 il öncəyə qədər kimsə desəydi ki, Cıdır düzündə Azərbaycan xalqının bütün görkəmli nümayəndələri bir araya gəlib, deyib-güləcəyik, musiqilərimizi, mahnılarımızı dinləyəcəyik, hər-halda insana dəli kimi baxardılar. Şükürlər olsun ki, cənab Prezident İlham Əliyev bizim yuxumuzu çin etdi və bu gün xalq olaraq, arzularımızı Cıdır düzündə yaşayırıq. Bu günləri bizlərə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və Ordumuza bir ömür borcluyuq. Bunu unutmamalıyıq. Növbəti festivalda Şuşada görüşənədək...
Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru


