“Ulu öndər Heydər Əliyev fəaliyyəti dövründə daima Azərbaycanı siyasi-iqtisadi və mədəni inkişaf yolu ilə gələcəyə doğru inamla apardı. Yəni, ölkəmizin hərtərəfli tərəqqisi, xalqımızın güzəranının yaxşılaşdırılması, demokratik, hüquqi, dünyəvi, unitar dövlət, qüdrətli ordu quruculuğu, gənc respublikamızın beynəlxalq aləmdə tanıdılması yolunda misilsiz xidmətlər göstərdi, ümummilli liderin rəhbərliyi sayəsində Azərbaycan dövləti saysız-hesabsız böyük uğurlara imza atdı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov ulu öndər Heydər Əliyev haqqında danışarkən deyib.
O, bildirib ki, nadir təşkilatçılıq istedadına sahib olan Heydər Əliyev Azərbaycan tarixində öz ölkəsini və dövlətini daim yeniliyə və tərəqqiyə aparan müdrik, uzaqgörən siyasi lider kimi qalacaq:
“Heydər Əliyev öncə vətənpərvər, Vətənini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi. Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri bu gün kiçikdən böyüyə hər bir azərbaycanlının dilində əzbərə çevrilib. Qarabağın azad olunması ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. Heydər Əliyev həqiqətən də, müdrik adam, böyük şəxsiyyət və ulu öndər idi. Hər birimiz onu müəllimiz kimi görürük”.
Elmar Məmmədyarov bildirib ki, onun həyatında Heydər Əliyevin rolu çox böyükdür:
“Mənim həyatımda ulu öndər Heydər Əliyevin rolu çox böyükdür. Heydər Əliyev böyük insan kimi ömür boyu istəyirdi ki, Azərbaycan çox inkişaf etsin. O zamanlar SSRİ Xarici İşlər Nazirliyində azərbaycanlılar o qədər də çox deyildir. Dahi şəxsiyyətimiz bunu anlayırdı və Moskva ilə xüsusi danışıqlar apararaq, Kiyev Universitetində azərbaycanlılar üçün xüsusi yer ayırırdı. İldə 5 nəfər həmin universitetin beynəlxaq əlaqələr fakültəsinə qəbul olunurdu. İlk dəfə ora 1976-cı ildə azərbaycanlı uşaqlar getdilər. Mən isə 1977-ci ildə qəbul oldum. Buna görə, ömür boyu ulu öndərə minnətdaram. Çünki bir diplomat kimi yetişməyimdə ulu öndərimizin böyük rolu olub”.
Sabiq nazir qeyd edib ki, Heydər Əliyev tərəfindən tarixi təcrübə və yerləşdiyimiz regionun geosiyasi çətinlikləri kimi amillər nəzərə alınaraq, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası müəyyən edilib:
“Bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin inkişafının yeni mərhələsinə, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən olunur və həyata keçirilir”.
Şəhanə Demokrat.az


