Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq keçiriləcək. Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparılacaq.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, üçüncü siniflərdə monitorinqin aparılması qərarı müsbətdir.
"O baxımdan ki, şagirdlər müvafiq olaraq dördüncü sinifdə də artıq monitorinqa cəlb olunurlar.
Eyni zamanda, 9-cu və 11-ci sinif buraxılış imtahanlarına da cəlb olunurlar. Erkən dövrdən bu cür proseslərin tətbiq olunması gələcəkdə onların məhz bu istiqamət üzrə daha yaxşı nəticələr əldə etməsinə bir növ zəmin yaradır. O nöqteyi-nəzərdən şagirləri bu prosesə alışdırmaq daha məqsədəuyğundur.
Biz müvafiq olaraq monitorinqlərin nəticəsinə əsasən, hansı bölgə üzrə daha müsbət və mənfi nəticələr olduğunu da üzə çıxarırıq. Təbii ki, mənfi nəticələr olan ərazilərdə müvafiq çalışmalar aparılır, tədbirlər görülür. Ona görə də monitorinqlərlə bağlı hər hansı bir narahatlığın olacağını düşünmürəm.
Nəzərə alsaq ki, bizdə 3-cü sinifdə təhsil alan şagirdlərin sayı kifayət qədər çoxdur. Və belə olan halda şagirdlərin də ümumi bilik və bacarıqlarının yoxlanılması aparılmalıdır.
Hesab edirəm ki, bu, təkcə Bakıda deyil, müxtəlif bölgələrdə də həyata keçirilməlidir".
Nəzrin Demokrat.az


