Xəbər verdiyimiz kimi, bu həftə ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Məlumata görə, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-nin dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.
Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, bütün cəhdlərə baxmayaraq, Ermənistan öz məkrli mövqeyindən çəkilmək istəmir:
"Faktiki olaraq, Azərbaycana qarşı ərazi iddiaları siyasətini davam etdirir. Bu, bəllidir. Hələ ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq istəmir. Bu da onu göstərir ki, artıq digər məsələlərə də aid olan hansısa irəliləyişlər çox nisbi xarakter daşıya bilər. Çünki əsas bünövrəsi olmadan təbii ki, sülhdən danışmaq mümkün deyil. İlk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, ondan sonra real sülhdən danışmaq olar".
Şəhanə Demokrat.az


