"Sumqayıtda 7 yaşlı Fəridin başına gələn hadisə bir insan kimi, vətəndaş kimi, məşqçi kimi bizə çox pis təsir etdi. Bu, çox ağrılı bir hadisədir. Təbii ki, bununla bağlı konkret aidiyyatı qurumlar işləməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında “Şöhrət” ordenli, Əməkdar bədən tərbiyəsi və idman xadimi Firdovsi Umudov bildirib.
O, deyib ki, bu kimi məsələlərdə valideyinlər son dərəcə ehtiyatlı olmalıdır:
"İdmanın məhdudiyyəti yoxdur, ancaq lap kiçik yaşından idmanla məşğul olmaq məqsədəuyğun deyil. Yəni, 6-7 yaşında uşağın döyüş idman növləri ilə məşğul olması düzgün hesab olunmur.
Düzdür, valideynlər övladlarını kiçik yaşdan idmana cəlb edirlər, amma bu hazırlıq qrupları formasında olmalıdır. Necə ki, məktəblərdə birinci hərfləri öyrənirsən, sonra da cümlə qurmağı. İdmanda da 6-7 yaşında olan uşaqlara hazırlıq qruplarında idmanın əlifbası öyrədilməlidir. İdmana gələn kimi birbaşa fənd öyrənə bilməz! Birdən-birə 6 yaşında uşağa deyə bilərsən ki, bunu yaz və ya danış? Müəllim birinci, əlifbanı öyrətməlidir".
Onun sözlərinə görə, uşaqları sambo və digər idman növlərində ağır məşqlərə, fəndlərə cəlb etmək, məşq prosesində onları yükləmək qəti qadağandır:
"İlk öncə hərəkətləri başa salmalısan. Birdən-birə 7 yaşında uşağa belə etdirmək olmaz! Valideynlər bizə müraciət edirlər ki, övladları ciddi idmanla məşğul olsun. Tələsirlər ki, tez bir zamanda nəticə versin. Onları başa salmaq lazımdır ki, elə yükləməni uşağa vermək olmaz. Belə bir məsəl var: "tez alışan, tez də yanır".
Çox təəssüf ki, uşaqlar erkən idmanla məşğul olur və nəticə vermək yaşında idmandan uzaqlaşırlar. Dəfələrlə bunun şahidi olmuşuq.
Ümumiyyətlə, hər bir idman növünün ağırlıqları var. Bədən ona tam hazır olmalıdır. Sumqayıtda 7 yaşlı Fəridin başına gələnlərə isə çox təəssüflənirəm. Allah ailəsinə səbr versin".
Nəzrin Demokrat.az


