Xəbər verdiyimiz kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgər ermənilər tərəfindən döyülüb, ağır igəncələrə məruz qalıb. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunub, əsirlərə qarşı bu cür işgəncələrin veriməsinin yolverilməz olduğu bildirilib.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, azərbaycanlı əsirin işgəncələr verilərək paylaşılan görüntülərini Ermənistan tərəfi yaymaqla onsuzda gərgin olan vəziyyəti bir qədər də gərginləşdirmək istəyir:
“Ermənistan son vaxtlar sərhəddə vəziyyəti gərginləşdirmək üçün müxtəlif təxribatlara əl atmaqdadır. İranın Azərbaycana qarşı artan təhdidləri fonunda Ermənistan daha da “cəsarətlənib” və sərhəddə təxribatlar törətməklə, sülhdən qaçmaq, münaqişəni olduğu kimi davam etdirməyə çalışır. Yolunu azıb əsir düşən azərbaycanlı əsirə qarşı qeyri-insani davranaraq, onun işgəncə görmüş halda şəkillərini yaymaqla bizi qisas almaq üçün tədbir görməyə təhrik edir. Sözsüz ki, Ermənistan bu törətdiyi vəhşiliklərə görə cəzalanacaq, amma biz bu cəzanı heç vaxt erməni əsirlərdən alınmasını düşünmürük”.
İlham İsmayılov qeyd edib ki, Ermənistan tərəfi istər hərbi əsirlər olsun, istərsə də mülki əsirlər onlara qarşı həmişə humanizmdən kənar davranışlar sərgiləyib:
“Birinci Qarabağ müharibəsi dövründə əsir düşən vətəndaşlarımızın anlatdıqları kimi, ermənilərin törətdikləri işgəncələr heç bir hüquqa, insanlığa sığmır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqlar tapılır. Bu məzarlıqlarda əli-qolu bağlı şəkildə, qəddarlıqla öldürülmüş cəsədlərə rast gəlinir. Bu erməni xislətidir və onlar yalnız köməksiz, silahsız azərbaycanlılara divan tutmaqda mahirdirlər. Əsirimizə qarşı göstərdikləri vəhşilik bir daha göstərir ki, ermənilər azərbaycanlılara qarşı düşmənçilikdən nəinki əl çəkmək istəyir, hətta onlar bu düşmənçiliklərini davam etdirmək üçün canla-başla hər cür qəddarlıqlara törətməkdədirlər”.
Aynurə Demokrat.az


