"Əsgərlərimiz Ermənistan ərazisinə hər hansı hərbi missiya ilə keçməyib və bunu düşmən ölkə də çox yaxşı bilir. Təbii ki, hərbiçilərimizin əlverişsiz hava şəraitində azdığı şübhə doğurmur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, 1949-cu il Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən hərbi əməliyyatlarda birbaşa iştirak etməyən şəxslərə, həmçinin Silahlı Qüvvələrdən olan, lakin istənilən səbəbdən əməliyyatlarda iştirakını dayandıranlara istənilən halda insani münasibət göstərilməlidir.
"Təəssüf ki, bu gün sosial şəbəkələrdə yayılan foto və videolarda ermənilər tərəfindən əsgərimizə işgəncənin verilməsinin, qeyri-insani və insan ləyaqətini alçaldan formada davranış nümayiş etdirildiyini açıq-aydın şəkildə görürük. Ermənistan tərəfi indiki həssas məqamda belə davranış sərgiləməklə bir daha beynəlxalq hüquqa açıq hörmətsizlik edir. Həmçinin, barbar, vandal və düşmənçiliklərindən əl çəkməyəcəyini bir daha ortaya qoyur".
Millət vəkili qeyd edib ki, Ermənistan dərhal bu davranışlara son qoymalı və vətəndaşlarımızı geri qaytarmalıdır:
"Bununla Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşmaqla bərabər, həm də Azərbaycanla sülh prosesində özünün niyyətinin səmimiliyini sübut edə bilər.
Eyni zamanda, biz beynəlxalq İnsan haqları təsisatlarına çağırış etməliyik. Beynəlxalq təşkilatlar hər macalda erməni təəssübü çəkdikləri kimi, bu dəfə də zəhmət çəkib Azərbaycan əsgərlərinə qarşı işgəncələrin durdurulması, onların Azərbaycana qaytarılmasına səy göstərməlidirlər. Əks halda, onların onsuz da ciddi şübhə ilə yanaşdığımız missiyalarına ümumiyyətlə etimad qalmayacaq".
Şəhanə Demokrat.az


