"Sərhəddə Ermənistanın təxribatlar edəcəyi gözlənilirdir. Çünki başqalarının əlində alət olan bir ölkə asılı olduğu dövlətlərin diqtəsi ilə oturub durmağa məcbur olur".
Bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı deyib.
Analitik qeyd edib ki, bir neçə gün əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dilindən Ermənistan-Azərbaycan sərhədlərinə KTMT müşahidəçilərinin yerləşdirilməsi mümkünlüyündən bəhs edildi:
"Daha sonra Rusiya Federasiyasının Ermənistandakı səfiri də bu fikri dilə gətirdi. Rusiya Aİ-nın 200 nəfərlik müşahidə missiyasının Ermənistana gətirilməsini həzm etmir. Və Qərbin onu buradan çıxarma planlarından da xəbərdardır. Buna görə alternetiv tədbirlər görür. Münaqişə də məhz həmin planların həyata keçirilməsi üçün lazımdır.
Hesab edirəm ki, sərhəddəki insidentdə Rusiyanın izi var. Çünki elə bir görüntü yaradılmağa çalışılır ki, guya Rusiya olmasa burada sabitliyə nail olmaq mümkün olmayacaq".
Qafar Çaxmaqlı burada İranın da maraqlarının da olduğunu qeyd edib:
"İran Azərbaycanın güclənməsini və Türkiyənin bölgədə rolunun artırılmasını istəmir. Ermənistana olan yardımları da bundan qaynaqlanır. İran PUA-larının bu münaqişədə iştirak etməsi nə qədər inkar edilsə də, ancaq bu açıq-aydın şəkildə görünür. Həm Rusiya, həm də İran burada gərginliyin olmasından yanadır. İran-Azərbaycan gərgin münasibətlər fonunda Ermənistanın açıq təxribatlara getməsi də göstərir ki, bu iki ölkə planlarını birgə qurmaqdadırlar. Oxunan və oxunmayan siyasət altı məsələlərdə ABŞ və İsrailin də yer alacağı görünməkdədir. İranın Rusiyaya, sonra isə Ermənistana PUA-lar verməsi faktı göz önündədir. Necə ki, Ermənistanla sülh razılaşmaları imzalanmayıb, bu ölkə təxribatları davam etdirəcəkdir. Ordumuz və millətimiz terrorçu dövlətin planlarını pozub öz təhlükəsizliyini təmin edəcək".
Nəzrin Demokrat.az


